Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatı
Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür. Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də yeddi ətraf rayonu işğal etmiş, ölkəmizin 20 faiz ərazisi zəbt edilmiş, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Xalqımıza qarşı törədilən qanlı faciələr sırasında 31 mart 1918-ci il tarixli soyqırım hadisələri özünün ağır nəticələri ilə seçilir.
1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə adı ilə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədini güdən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, ermənilər insanları diri-diri yandırmış, nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılmışdır. Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetirmişlər. Qırğınların davam etdiyi dövrdə ölkə ərazisində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülmüşdür. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışdır;
Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almış, karvansarada vəhşicəsinə öldürülmüş insanların meyitlərini elə oradaca yandırmışdılar. Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilmişdir. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmiş, 7000 nəfər öldürülmüşdür. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş faciələrin miqyasını bir daha göstərir.
Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, günahsız insanları, o cümlədən qadınları və uşaqları qətlə yetirmişlər. Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılmış, yüzlərlə günahsız insan öldürülmüş, neçə-neçə ev talan edilmiş və yandırılmışdır. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız dəhşətli soyqırımına məruz qalmışdır. Aradan illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər buraxıb. Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı erməni separatçılarının törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır.
Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı onların vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmışdır. Qeyd olunmalıdır ki, Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilmişdir. Eyni zamanda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir.
Soyqırımı cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir.
İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. Hadisələr göstərmişdir ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməmiş, dinc insanları qəddar üsullarla kütləvi qırğına məruz qoyaraq, cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə, tarixi saxtalaşdırmağa və öz xeyirlərinə yazmağa əl atmışlar.
Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd məlum qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnamə, Avropa Şurası Parlament Assambleyası Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnamə və 1690 saylı tövsiyə, həmçinin Avropa Parlamenti Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü ildə qətnamə qəbul etsələr də, Ermənistan bunları hələ də yerinə yetirmir.
Halbuki bu qətnamələrdə birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunmuşdur. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim səy göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün bərpasına nail olacağımızı dəfələrlə bəyan etmişdir. Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. Qeyd olunmalıdır ki, ABŞ-ın Nyu-York ştatının Senatı və Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart – Azərbaycanlıların soyqırımı gününü tanıyan qətnamələr qəbul etmişlər.
Bir daha bəyan edirik ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməmişdir. Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, uzun müddət davam edən bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə əminliyimizi ifadə edirik.
Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanırıq. Ümid edirik ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində səylər göstərəcəklər. Ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır.
Hər bir kəsin, hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən ümumbəşər miqyasında tanınmış fundamental insan hüquq və azadlıqlarının təmin olunması üçün real imkanlar yaranacaqdır. Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 28 mart 2016-cı il Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır