100 Berlin məktəblisi Azərbaycan Mədəniyyət Mərkəzində olublar
Berlin şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “35-ci Berlin Nağıl Günləri” festivalı çərçivəsində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən tədbir keçirilib. Festival dünyanın ən böyük nağıl festivalı hesab olunur.
Sözügedən tədbirdə Berlində təhsil alan 100-ə yaxın şagird və onların müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Günay İsfəndiyarova Azərbaycan barədə qonaqlara ətraflı məlumat verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıb. Eyni zamanda, qonaqlara Azərbaycan haqqında qısa video-çarx nümayiş edilib.
Tədbirdə festivalın təşkilatçısı “Märchenland” təşkilatının layihə meneceri Anna Povediç çıxış edərək, keçirilən festivalın önəmi barədə ətraflı danışıb, tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə öz təşəkkürünü bildirib.
Çıxışlardan sonra məktəblilərə Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli tərəfindən “Ağ göyərçin” adlı Azərbaycan xalq nağılı oxunub. Sonra N.Nəcəfli uşaqlar üçün musiqi viktorinası keçirib.
Tədbirin sonunda balaca qonaqlara Azərbaycan şirniyyatları və suvenirləri təqdim edilib.
Qeyd olunmalıdır ki, Səfirlik artıq ikinci ildir ki “Berlin Nağıl Günləri” festivalında çıxış edir.