Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimi keçirilib
Azərbaycanın Almaniyadakı səfirliyi Xocalı faciəsinin 33-ci ildönümü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində anım tədbiri təşkil edib.
Tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalı faciəsini əks etdirən əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Anım mərasimində əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səfirliyin Xocalı soyqırımına dair alman dilində hazırladığı qısa film nümayiş olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev anım mərasimində çıxış edərək, Xocalı soyqırımının İkinci Dünya müharibəsindən sonra Avropada baş vermiş ilk dəhşətli soyqırımı olduğunu diqqətə çatdırıb. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində sistemli və genişmiqyaslı iş aparıldığını vurğulayan səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu sahədə mühüm rol oynadığını qeyd edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə yanaşı, tarixi ədalətin də bərqərar olduğunu, şəhidlərimizin qanının yerdə qalmadığını bildirən Nəsimi Ağayev Xocalının artıq tam yenidən qurulduğunu və xocalılıların doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Xalq rəssamı Əşrəf Heybətov Xocalı faciəsinin Azərbaycan tarixinin ən faciəvi səhifələrindən olduğunu vurğulayaraq, bu soyqırımı ilə bağlı həqiqətlərin əsərlərləri vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının onun yaradıcılığında mühüm yer tutduğunu bildirib.
Xocalı soyqırımının şahidi, yazıçı-publisist Səriyyə Müslümqızı təkcə bir gecədə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 106-sı uşaq və qadın olmaqla 613 günahsız insanın qəddarcasına qətlə yetirildiyini, 1275 nəfərin girov götürüldüyünü, 150-dən çox şəxsin taleyinin bu günədək məlum olmadığını diqqətə çatdırılıb. O, ötən il faciənin ildönümü günündə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə xocalılıların doğma yurdlarına qayıdaraq tarixi yurdlarında yaşamağa başladıqlarını diqqətə çatdırıb.
Sonra Xocalıya qayıdışdan bəhs edən videoçarx nümayiş olunub, ukraynalı skripkaçı Vladi Kordanın ifasında Azərbaycan və Avropa klassik musiqi əsərlərindən ibarət proqram təqdim edilib.
Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.