Səfir Nəsimi Ağayev Bundestaqın Almaniya–Cənubi Qafqaz parlamentlərarası əlaqələr qrupunun üzvləri ilə görüşüb
Səfir Nəsimi Ağayev 16 aprel tarixində Almaniya Bundestaqının Almaniya–Cənubi Qafqaz parlamentlərarası əlaqələr qrupu tərəfindən işgüzar nahara dəvət olunub.
Qrupun rəhbərliyi və üzvlərinin iştirakı ilə keçirilmiş fikir mübadiləsi zamanı səfir Nəsimi Ağayev Almaniya–Azərbaycan münasibətlərinin daha da dərinləşməsi üçün intensiv siyasi dialoqun və fəal parlament diplomatiyasının mühüm əhəmiyyətini vurğulayıb. O, xüsusilə parlament üzvlərinin qarşılıqlı səfərlərinin etimadın və əməkdaşlığın gücləndirilməsində vacib rol oynadığını bildirib.
Səfir Cənubi Qafqaz regionunda davamlı sülhün təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, sülhün möhkəmləndirilməsi regionda sabitlik, iqtisadi əməkdaşlıq və birgə inkişaf üçün yeni imkanlar yaradır.
Tərəflər ikitərəfli münasibətlər və regionda gedən cari proseslər barədə konstruktiv fikir mübadiləsi apararaq, dialoq və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.