Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyaya səfər edib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 15 oktyabr tarixində Almaniyaya səfər edib.
Səfər çərçivəsində Hikmət Hacıyev Berlində Almaniya Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb. Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələri və regional məsələlər müzakirə olunub. Daha sonra, Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə görüş keçirilib. Görüşdə Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və ikitərəfli gündəlik, o cümlədən bağlantılar ətrafında fikir mübadiləsi aparılıb. Almaniyanın ən nüfuzlu beyin mərkəzlərindən biri olan Elm və Siyasət Fondunda (SWP) keçirilmiş görüşdə Hikmət Hacıyev Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və regional enerji-nəqliyyat layihələri barədə geniş məlumat verib.
Sonda, Almaniya Federal Hökuməti, Bundestaq, beyin mərkəzləri və aparıcı KİV-lərin nümayəndələrinin iştirakı ilə Almaniya Parlament Cəmiyyətində təşkil edilmiş görüşdə dəyişən regional və qlobal çağırışlar fonunda Azərbaycanın artan roluna dair müzakirələr aparılıb.