Türk dünyasının milli-mədəni irsi Berlində təbliğ olunub
Baharın gəlişi – Novruz bayramı münasibətilə Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin təşəbbüsü və Türkiyə səfirliyinin ev sahibliyi ilə bayram tədbiri keçirilib. Tədbirdə Türk dövlətlərinin Almaniyadakı səfirləri, qardaş icmaların üzvləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, mədəniyyət və elm ictimaiyyəti, eləcə də media nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə ortaq türk mədəni irsinin təqdim olunduğu sərgiyə baxış keçiriblər. Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipri təmsil edən stendlərdə qardaş ölkələrin tarixi-mədəni irsi, adət-ənənələri, nəşrlər və eksponatlar, eləcə də milli mətbəx nümunələri təqdim edilib.
Türkiyənin Almaniyadakı səfiri Gökhan Turan çıxış edərək Türk Dövlətləri Təşkilatının təkcə dövlətlərarası əməkdaşlıq mexanizmi olmadığını, ortaq tarix və mədəniyyət bağlarını gücləndirən strateji qurum olduğunu vurğulayıb. Novruzun yenilənmə, barış və həmrəylik kimi universal dəyərləri təmsil etdiyini deyən diplomat müxtəlif ölkələrdən iştirakçıların eyni platformada bir araya gəlməsinin bu bayramın birlik və həmrəylik iradəsinin bariz göstəricisi olduğunu diqqətə çatdırıb. Qlobal miqyasda gərginliklərin yaşandığı dövrdə Novruzun sülh və dialoq çağırışının önəmi xüsusi vurğulanıb.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin böyük mənəvi və mədəni əhəmiyyətini qeyd edərək bildirib ki, Novruz yalnız ayrı-ayrı xalqları deyil, ortaq tarix və köklərə malik nəhəng türk dünyasını bir araya gətirir, yenilənmə, ümid və həyatın davamlılığının rəmzi kimi çıxış edir. Səfir Novruzun Azərbaycan mədəni irsində və milli kimliyində dərin kök saldığını vurğulayaraq əlavə edib ki, bu bayram təkcə adət-ənənələrimizin ifadəsi deyil, həm də birliyə, həmrəyliyə və ortaq məsuliyyətə çağırışdır.
“Türk Dövlətləri Təşkilatı siyasi çərçivədən daha çox, gələcəyimizi birlikdə formalaşdırmaq üçün ortaq iradəmizin ifadəsidir. Azərbaycan üçün türk dünyasının birliyi təkcə mədəni bağ deyil, dayanıqlıq, strateji istiqamət və güc mənbəyidir. 179 milyondan çox əhalisi və 2,1 trilyon ABŞ dollarından artıq iqtisadi gücə malik türk dünyası böyük potensiala sahibdir. Ancaq ən böyük gücümüz ortaq mədəni və tarixi təməlimizdədir. Bu güc həm də regionumuzda və ondan kənarda sülh üçün göstərdiyimiz səylərdə özünü göstərir. Dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət vasitəsilə türk dövlətləri həm regional, həm də qlobal səviyyədə sülhün, sabitliyin və təhlükəsizliyin təşviqinə mühüm töhfə verirlər”, - deyə səfir Nəsimi Ağayev qeyd edib.
Çıxışlardan sonra bayram tədbiri bədii hissə ilə davam edib. Bu hissədə türk dövlətlərinin milli-mədəni irsi, füsunkar təbiətindən bəhs edən filmlər nümayiş etdirilib, türk xalqlarının, o cümlədən Azərbaycanın milli musiqisi və rəqsləri ifa olunub. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda türk xalqlarının milli mətbəxlərinin nümunələrinin təqdim olunduğu bayram süfrəsi açılıb.
Fotoların müəllifi: Hüseyin İşlek