Mədəniyyət sahəsində əməkdaşlıq

Azərbaycan və Almaniya arasında mədəni münasibətlərin başlanğıcı XIX əsrə təsadüf edir. Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır. Məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri mədəni irs lazımınca qorunub saxlanmışdır. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermişlər. Təqdirəlayiq haldır ki, Almaniyanın bir sıra muzeylərində Azərbaycana dair müxtəlif mədəniyyət və incəsənət nümunələri qorunub saxlanılır.

Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra, Azərbaycan və Almaniya arasında mədəni əlaqələrin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında mədəni əməkdaşlıq haqqında” 22 dekabr 1995-ci il tarixli Saziş bu sahədə hüquqi bazanı təşkil edir. 

“QGallery Berlin” Qalereyası Almaniyada fəaliyyət göstərir. Qalereya tərəfindən mütəmadi olaraq Berlin şəhərində Azərbaycan və Almaniyanın incəsənət xadimlərindən ibarət rəsm, foto və heykəltəraşlıq sərgiləri keçirilir.

Azərbaycanın mədəniyyətinin, ənənələrinin, incəsənətinin, musiqisinin və mətbəxinin Almaniyada təbliğ edilməsi, mədəni mübadilənin təşviq olunması və yerli əhali ilə təmasların intensivləşdirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər təşkil edilir.

Bu xüsusda Almaniyada “Azərbaycan İli” çərçivəsində Almaniyanın 12 şəhərində 100-dək müxtəlif səpkili tədbirlər təşkil edilmiş, Azərbaycanda Almaniya mədəniyyət həftələri keçirilmişdir. Müxtəlif dövrlərdə Almaniyanın Münhen, Ştutqart, Köln, Hamburq, Hannover, Düsseldorf, Drezden, Frankfurt və digər şəhərlərində Azərbaycan mədəniyyət axşamları baş tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixində Sərəncam imzalanmışdır. Sözügedən Sərəncama müvafiq olaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi Azərbaycanda və Almaniyada geniş şəkildə qeyd olunmuş, Bakı, Berlin və digər şəhərlərdə bu tarixi hadisəyə həsr olunmuş çoxsaylı tədbirlər təşkil edilmişdir.
 
Ölkəmizin zəngin mədəniyyətinin və mədəni turizm potensialının Almaniyada təşviq və təbliğ olunması məqsədilə ölkəmiz hər il keçirilən Frankfurt Kitab Sərgisində və “ITB Berlin” beynəlxalq turizm sərgisində öz milli stendi ilə iştirak edir.

 

Son yenilənmə tarixi: 18.03.2021 

Arxiv üzrə axtarış