Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası

Valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Almaniya Federativ Respublikasında (AFR) dünyaya gəldiyi halda və Almaniyanın qeydiyyat idarələri tərəfindən ona doğum haqqında şəhadətnamə (Geburtsurkunde) verildiyi təqdirdə, Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən onun doğumunun qeydiyyata alınması üçün aşağıda göstərilən sənədlər Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir. Sənədlər Səfirliyin konsulluq bölməsinə daxil olduqdan sonra aidiyyəti üzrə icraata götürülür və doğumun qeydiyyata alınması və Fərdi İdentifikasiya Nömrəsinin (FİN) verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. Diqqət! Tələb olunan sənədlər tam şəkildə tərtib və təqdim edilmədiyi halda müraciət qəbul edilməyəcək və sənədlər geri qaytarılacaqdır (sənədlər poçtla Səfirliyin konsulluq bölməsinə göndərilə bilər). 

Diqqət! Bununla yanaşı, AFR-də dünyaya gəlmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün tələb olunan sənədlər Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir: https://berlin.mfa.gov.az/az/content/44/azerbaycan-respublikasinin-vetendasligina-mensubiyyetin-mueyyen-olunmasi-qaydasi

Doğumunun qeydiyyata alınması üçün tələb olunan sənədlər:  

  1. Ərizə;
  2. Almaniyanın müvafiq dövlət qurumu tərəfindən rəsmiləşdirilən doğum haqqında şəhadətnamənin Səfirliyin konsulluq bölməsi tərəfindən leqallaşdırılmış əsli;
  3. Doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcüməsi (Qeyd: Doğum haqqında şəhadətnamə andlı tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə edilməlidir);
  4. Hər iki valideynin şəxsiyyətini təsdiq edən, etibarlılıq müddəti bitməmiş sənədlərin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) surəti;
  5. Nikah haqqında şəhadətnamənin surəti. 

Qeyd: Almaniyanın müvafiq dövlət qurumu tərəfindən verilən doğum haqqında şəhadətnamə (Geburtsurkunde) Səfirliyin Konsulluq bölməsində leqallaşdırılmalıdır. Leqallaşdırma üçün doğum haqqında şəhadətnamənin əsli ilk növbədə onu rəsmiləşdirən dövlət qurumdan (bir qayda olaraq Standesamt) üst qurumda təsdiq edilməlidir (“Beglaubigung”/“Vorbeglaubigung”/”Beglaubigung von Urkunden für das Ausland” (Legalisation)). Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası: https://berlin.mfa.gov.az/az/content/93/almaniyanin-selahiyyetli-qurumlari-terefinden-verilmis-senedlerin-sefirliyin-konsulluq-bolmesinde-leqallasdirilmasi-qaydasi Leqallaşdırma üçün 20 avro məbləğində dövlət rüsumu Səfirliyin Konsulluq bölməsinin bank hesabına köçürülməlidir. Təsdiq edilmiş doğum haqqında şəhadətnamənin əsli və Səfirliyin konsulluq bölməsinin bank hesabına 20 avro məbləğində dövlət rüsumunun köçürülməsini təsdiq edən hesabdan çıxarış və ya qəbz Səfirliyin konsulluq bölməsinə təqdim edilməlidir.

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış çap olunmuş vəziyyətdə təqdim olunmalıdır

Diqqət: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.  

Qeyd: Tələb olunan sənədlərin Səfirliyin konsulluq bölməsinə şəxsən təqdim edilməsi və ya poçt vasitəsilə göndərilməsi mümkündür.

Şəxsən təqdim edildiyi halda: Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARIBazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.

Poçt vasitəsilə təqdim edildiyi halda: Sənədlər poçt vasitəsilə təqdim edildiyi və geri göndəriləcəyi halda üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır. Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

Qeyd: Doğumun qeydiyyata alınması, FİN-in verilməsi və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi 2 (iki) ayadək davam edə bilər (FİN nömrəsinin və vətəndaşlıq mənsubiyyətinin cavabları vətəndaşlar tərəfindən iki ay müddətindən sonra elektron poçt (consul_berlin@mission.mfa.gov.az) vasitəsilə sorğu edilə bilər). FİN nömrəsi və vətəndaşlıq mənsubiyyəti arayışı əldə edildikdən sonra ümumvətəndaş pasportlarının rəsmi̇ləşdi̇ri̇lməsi̇ üçün Səfirliyin konsulluq bölməsinə müraciət etmək mümkündür: https://berlin.mfa.gov.az/az/content/42/umumvetendas-pasportlarinin-resmilesdirilmesi-qaydalari (Diqqət! Pasportların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu yalnız əvvəlcədən görüş vaxtı (Termin) təyin olunmaqla aparılır).

 

Son yenilənmə tarixi: 01.07.2023

Arxiv üzrə axtarış