Almaniya Federativ Respublikasında dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası

Valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Almaniya Federativ Respublikasında (AFR) dünyaya gəldiyi halda və Almaniyanın qeydiyyat idarələri tərəfindən ona doğum haqqında şəhadətnamə (Geburtsurkunde) verildiyi təqdirdə, Səfirliyin Konsulluq bölməsi tərəfindən onun doğumunun qeydiyyata alınması üçün valideynlər tərəfindən aşağıdakı sənədlər Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir:

  • AFR-in müvafiq dövlət qurumu tərəfindən rəsmiləşdirilən doğum haqqında şəhadətnamənin Səfirliyin Konsulluq bölməsi tərəfindən leqallaşdırılmış əsli;
  • Doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcüməsinin Səfirliyin Konsulluq bölməsi tərəfindən təsdiqi;
  • Hər iki valideynin şəxsiyyətini təsdiq edən, etibarlılıq müddəti bitməmiş sənədlərin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) surəti;
  • Nikah haqqında şəhadətnamənin surəti;

Qeyd: AFR-də dünyaya gələn AR vətəndaşlarına AR-in ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün AFR-in müvafiq dövlət qurumu tərəfindən verilən doğum haqqında şəhadətnamə Səfirliyin Konsulluq bölməsində leqallaşdırılmalıdır. Leqallaşdırma üçün doğum haqqında şəhadətnamənin əsli ilk növbədə onu rəsmiləşdirən dövlət qurumundan (bir qayda olaraq Standesamt) üst qurum (bir qayda olaraq Bezirksamt və ya Landesamt) tərəfindən imza təsdiqi (Beglaubigung von Unterschriften) edilməlidir. Leqallaşdırma üçün 19 avro məbləğində dövlət rüsumu (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) Səfirliyin Konsulluq bölməsinin bank hesabına köçürülməlidir. İmza təsdiqi edilmiş doğum haqqında şəhadətnamənin əsli və səfirliyin Konsulluq bölməsinin bank hesabına 19 avro məbləğində dövlət rüsumunun köçürülməsini təsdiq edən qəbz və yaxud hesabdan çıxarış Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir.

Qeyd: Doğum haqqında şəhadətnamə andlı tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə edilməlidir. Tərcümənin düzgünlüyü Səfirliyin Konsulluq bölməsi tərəfindən təsdiq olunmalıdır. Bunun üçün 9 avro dövlət rüsumunun (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) ödənilməsinə dair qəbz və yaxud hesabdan çıxarış Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir.

Qeyd: Sənədləri Konsulluğa poçtla göndərərkən və ya şəxsən təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, email ünvanı və s.) qeyd etməyi unutmayın.

Qeyd: Sənədlərin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, üzərində ünvanınız yazılmış, sifarişli, 5 (beş) avro məbləğində poçt markası yapışdırılmış boş zərfin (Einschreiben) təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.

Qeyd: Yuxarıda sadalanan sənədlər AR-in AFR-dəki Səfirliyinin Konsulluq bölməsinə poçtla və ya şəxsən təqdim edilə bilər. Sənədlər Səfirliyin Konsulluq bölməsinə daxil olduqdan sonra aidiyyəti üzrə icraata götürülür və doğumun qeydiyyata alınması və Fərdi İdentifikasiya Nömrəsinin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vətəndaşın doğumu qeydiyyata alındıqdan və ona Fərdi İdentifikasiya Nömrəsi verildikdən sonra (bu əməliyyatlar bir qayda olaraq iki ay davam edir) bu barədə Səfirliyin Konsulluq bölməsinə müvafiq məlumat verilir.  

Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:

Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN:DE73100400000266153601

Son yenilənmə tarixi: 31 mart 2022

Arxiv üzrə axtarış