2015-05-29

Almaniyada Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərləri yüksək qiymətləndirilib

Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən Berlin-Brandenburq Elmlər Akademiyasında “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli” başlıqlı simpozium keçirilib. Simpozium Azərbaycanın AFR-dəki Səfirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Alman-Azərbaycan Forumu və Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.

Simpoziumu giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, professor Kamal Abdulla dünyada multikulturalizm ideyalarının tarixi haqda qısa giriş verdikdən sonra Azərbaycanda mövcud olan multikultural mühitin xüsusiyyətlərini təhlilinə həsr edilmiş məruzə ilə çıxış etmişdir. Kamal Abdulla bildirdi ki, Azərbaycanda multikulturalizm həm əhalinin mentalitetindən irəli gələn dəyərdir, həm də Ulu öndər Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir. Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və ictimaiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət qayğısı ilə qorunur.

Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov hazırkı dünyada dini, etnik, irqi, milli zəmində baş verən münaqişələr, irqçilik, habelə islamafobiya halları, insan haqlarının kütləvi şəkildə pozulması  kimi halların aradan qaldırılmasında tolerantlıq və multikulturalizmin əhəmiyyətindən danışıb. Səfir 90-cı illərin əvvəllərində Azərbaycandakı milli-etnik və dini müxtəliflikdən ölkəmizi münaqişələrə cəlb etmək üçün olunan cəhdlərin Ümummilli liderimiz Heydər Əliyevin başlatdığı uzaqgörən siyasət nəticəsində iflasa uğradığını və hal-hazırda dövlətin milli məsələlərdə apardığı incə siyasət nəticəsində ölkəmizdə milli birliyin tam təmin olunduğunu vurğuladı.

Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanda tolerantlığı və müxtəlif dinlərin dinc yanaşı mövcudluğunu yüksək qiymətləndirib, bunun Avropa üçün xüsusilə hazırki münaqişələr dövründə nümunə olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kord Mayer-Klodt Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafını, iki ölkə arasında ikitərəfli və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışan AFR hökumətinin təmsilçisi ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yanaşı yaşamasını multikulturalizmin uğurlu modeli adlandırıb. Kord Mayer-Klodt ümid etdiyini vurğulayıb ki, Azərbaycandakı tolerantlıq mühiti regionda çətin vəziyyətə baxmayaraq qorunub saxlanacaq.

Salamlama nitqlərindən sonra mütəxəssislər Azərbaycanda multikulturalizm və dinlərarası dialoqa dair məruzələrlə çıxış ediblər.

Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva-Maria Aux nitqində Azərbaycanın etnik və dini xəritəsinin hazırki vəziyyətini təsvir edib və bu müxtəlifliyin tarixi kökləri haqda ətraflı məlumat verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru, professor Azad Məmmədov təmsil etdiyi qurumun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  15 may 2014-cü il fərmanı ilə yaradıldığını bildirərək, onun ölkə daxilində və xaricdə multikulturalizm və tolerantlıq mövzuları üzrə həyata keçirdiyi maarifləndirmə layihələri barədə məruzə edib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında multikulturalizmin sülh və təhlükəsizliyin təmin olunmasında rolundan danışıb və bu işdə Azərbaycan təcrübəsini təhlil edib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Möhsün Nağısoylu Azərbaycan folkloru və klassik poeziyasında multikultural dəyərlərin tərənnüm edilməsi haqda mühazirə söyləyib.

Daha sonra tədbirdə Almaniyanın “Bayerischer Rundfunk” ictimai televiziyasının müxbiri Andrea Rotun müəllifi olduğu “Azərbaycan dini dözümlülük üçün nümunə” başlıqlı sənədli film nümayiş etdirilib və panel müzakirələri keçirilib. 

“Berlin Avropa tədqiqat institutu” cəmiyyətinin rəhbəri Mathias Dornfeldtin moderatoturluğu ilə keçirilən birinci paneldə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Rus Provoslav Kilsəsinin  Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev Azərbaycanda dini icmaların və dinlərarası dialoqun vəziyyətini, dövlətin dini icmalara yüksək qayğısını tədbir iştirakçılarına çatdırıblar.

Tədbirin ikinci podium müzakirəsi alman jurnalistlərin iştirakı ilə keçirilib və DAF-in icraçı katibi, Berlin federal vilayətinin keçmiş sözçüsü Mixail Butz moderatorluq etmişdir. “Bayerischer Rundfunk” telekanalının müxbiri Andrea Rot, “Almaniyanın yəhudi səsi” qəzetinin naşiri Rafael Seliqman və müstəqil jurnalist, Das Parlament qəzetinin keçmiş baş redaktoru Knut Teske Azərbaycanda dini tolerantlıq və mədəni müxtəlifliyin yüksək səviyyəsini vurğulayıblar.

Tədbirdə Almaniya hökumətinin nümayəndələri, o cümlədən AFR müdafiə nazirinin müavini cənab Markus Qrübel, Bundestaqın əməkdaşları, Almaniyanın elmi və ictimai dairələrindən nümüayəndələr, Berlində akkreditə olunmuş diplomatik korpusun üzvləri, KİV təmsilçiləri, eləcə də Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər

Arxiv üzrə axtarış