2016-02-24

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov Almaniyaya səfər edib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov cari ilin 22-24 fevral tarixlərində siyasi və təhlükəsizlik sahələrində ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Almaniya Federativ Respublikasına işgüzar səfər edib.  Səfər zamanı, o, AFR Xarici İşlər Nazirliyi və Federal Kansler Aparatında həmkarları ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizin 2016-cı ildə ATƏT sədrliyini həyata keçirən Almaniyadan olan gözləntiləri, o cümlədən ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılmasının və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişə nail olunmasının vacibliyi, habelə mövcud status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Alman tərəfi Azərbaycan tərəfinin istək və təkliflərinin nəzərdən keçiriləcəyini bildirib və onların mövcud imkanlar çərçivəsində sədrlik dövründə nəzərə alınacağına söz verib.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini səfər zamanı eləcə də Almaniya Bundestaqında bir sıra görüşlər keçirib və Münhen Təhlükəsizlik Təşkilatının sədri Volfqanq İşinqer ilə görüşərək ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər regional və beynəlxalq məsələlər barədə müzakirələr aparıb.

Araz Əzimov səfəri zamanı həmçinin Almaniyanın məşhur “beyin mərkəzləri”ndən olan Elm və Siyasət Fondu və Xarici Siyasət üzrə Alman Cəmiyyətində sözügedən təşkilatların rəhbərliyi və Cənubi Qafqaz regionu üzrə ixtisaslaşmış tanınmış mütəxəssislərlə görüşlər keçirib. Görüşlərdə əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinın hazırkı vəziyyəti, həll istiqamətində aparılan danışıqlar, sözügedən münaqişənin həlli yolları ilə bağlı Azərbaycan tərəfinin mövqe və təklifləri, habelə Ukrayna, Gürcüstan və Suriya münaqişələri daxil olmaqla bir sıra digər regional təhlükəsizlik məsələləri ətraflı şəkildə müzakirə olunub.

Arxiv üzrə axtarış