2016-04-15

Azərbaycan səfiri Berlin-TV kanalına Ermənistanın ölkəmizə qarşı təcavüzündən danışıb

Berlin, 15 aprel, AZƏRTAC 

Almaniyanın Berlin-TV kanalı Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazovdan xüsusi buraxılışı üçün müsahibə alıb. Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində aprelin əvvəllərində törətdiyi təxribat barədə məlumat verən diplomat (bax:https://youtu.be/re7Pn0KyNnMteil-b) deyib ki, Ermənistan iyirmi ildən artıqdır Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal altında saxlayır. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu illər ərzində ATƏT-in Minsk qrupu münaqişənin həllinə çalışıb, lakin təəssüflər olsun ki, heç bir nəticə əldə edilməyib. Səfir Almaniyanın ATƏT-də sədrliyinə toxunaraq münaqişənin həlli istiqamətində bu ölkənin xüsusi rolu olduğunu vurğulayıb. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin söylədiyi kimi, status-kvonun saxlanılması çox təhlükəlidir. Ermənistan prezidenti Serj Sarkisyanın Berlinə səfərinə toxunan səfir bildirib ki, o, kansler Angela Merkel ilə mətbuat konfransında Ermənistanın sülh istəmədiyinin və yalnız müharibə ritorikasından danışdığının bir daha şahidi olduq. Gözlənilirdi ki, cəbhə xəttində baş verən son hadisələr Ermənistan rəhbərliyini nəhayət ki, sülh haqqında düşündürər. Amma S.Sarkisyanın çıxışında bunun əksini gördük.

Səfir deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüququ baza var. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, Avropa Şurasının, Avropa Parlamentinin münaqişə ilə bağlı qəbul etdikləri qərarların Ermənistan tərəfindən indiyədək yerinə yetirilməməsi onun münaqişənin həllində maraqlı olmadığını göstərir. Dağlıq Qarabağ münaqişəsinin davam etməsi təkcə regionun deyil, eləcə də Avropanın təhlükəsizliyi üçün böyük bir problemdir. Münaqişə həll edilərsə regional əməkdaşlığın qurulması və gücləndirilməsi mümkün olacaq. Azərbaycan Asiya və Avropa arasında bir körpüdür və öz qonşuları, xüsusilə Türkiyə və Rusiya ilə dostluq münasibətləri vardır. Təəssüflər olsun ki, Ermənistan status-kvonun qalmasında və onun möhkəmlənməsində maraqlıdır.

Diplomat deyib: “Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri pozulub, torpaqları işğal edilib. Öz müqəddəratını təyin etmək hüququ ərazi bütövlüyü prinsipinə zidd ola bilməz. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn əsas prinsipləridir”.

“Baş vermiş son hadisələr bir daha göstərdi ki, hazırkı status-kvo çox təhlükəlidir, işğalçı qüvvələrin Azərbaycan ərazisində olması hərbi əməliyyatların qızışması üçün zəmin yaradır və bu böyük fəlakətlərə gətirib çıxara bilər”, - deyən P.Şahbazov bildirib ki, münaqişənin müharibə yolu ilə həlli ən pis çıxış yoludur. Azərbaycan son illərdə çoxlu sayda irimiqyaslı beynəlxalq layihələr həyata keçirib. Bu səbəbdən də biz müharibə istəmirik və Ermənistan ilə mümkün qədər tez sülh prosesinə başlamaq istəyirik.

AZƏRTAC

Arxiv üzrə axtarış