2017-05-08

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın Cənubi Qafqaz ölkələri üzrə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri xanım Karin Strenz ilə görüşüb

2017-ci ilin 8 may tarixində mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri üzrə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri xanım Karin Strenzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüş zamanı Nazir xanım Karini salamlayaraq, ölkəmizə səfərini yüksək qiymətləndirmiş və mayın 4-6-da Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonağa məlumat verərək tədbirin əhəmiyyətindən bəhs etmişdir.

Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri üzrə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri xanım Karin Strenz Azərbaycan-Almaniya əlaqələrinin genişləndirilməsi, eləcə də Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılması istiqamətində görülən işlər haqqında Bundestaqın məlumatlandırılmasının da əhəmiyyətindən söhbət açmışdır. Azərbaycanın turizm potensialının, təbiətinin tanıdılması istiqamətində də gələcəkdə birgə işlər görülməsi, eləcə də Almaniyanın Höte Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsi aparılması və bu çərçivədə mədəni əlaqələrin genişləndirilməsi təklifini irəli sürmüşdür.

Nazir Əbülfəs Qarayev Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama uyğun olaraq həyata keçirilən layihələr və görüləcək tədbirlər məlumat vermiş, bu işdə Almaniya Hökumətinin də yaxından iştirakının əhəmiyyətini xüsusi vurğulamışdır. Bu çərçivədə birgə sərgi və festivalların təşkili, turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaqla bu mirasın qorunması, bərpası və təqdim olunmasında birgə fəaliyyətin vacibliyi qeyd olunmuşdur.

Almaniyanın Berlin şəhərində hər il təşkil olunan “İTB Berlin” beynəlxalq turizm sərgisində Azərbaycanın yüksək səviyyədə iştirakı və gələcək illərdə də turistlərin artırılması istiqamətində bu kimi sərgilərdə Azərbaycanın təqdimatla iştirak etməyə hər zaman hazır olduğu bildirilmişdir.

Bununla yanaşı, görüşdə gələcəkdə ölkələr arasında birgə əməkdaşlıq məsələlərinin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Arxiv üzrə axtarış