2017-07-22

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov TV Berlin telekanalına müsahibə verib

22 iyul 2017-ci il tarixində TV Berlin telekanalının “Standort Berlin” proqramında AR-in Almaniyadakı səfiri Ramin Həsənovun müsahibəsi efirə verilib. Müsahibə iki hissədən ibarətdir və ümumilikdə 25 dəqiqə davam edir.

R.Həsənov müsahibədə Azərbaycan və Almaniya arasında əlaqələrin tarixinə toxunaraq 200 il əvvəl yüzlərlə alman ailəsinin Azərbaycana gəlməsi, onların yerli insanlar tərəfindən xoş məramla qarşılanması, almanların ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etmələri, o cümlədən ölkəmizdə şərabçılıq ənənələrinin əsasını qoymaları barədə məlumat verib. Azərbaycanda alman irsinin hal-hazırda dövlət səviyyəsində qorunduğunu, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə tədbirlər planına dair imzalanmış sərəncama müvafiq olaraq bir sıra tədbirlərin keçirildiyini və keçiriləcəyini, eləcə də bu yubileyin cari ilin sentyabrında Azərbaycan, Almaniya və Gürcüstanın birgə təşkilatçılığı ilə Parisdə YUNESKO-nun mənzil-qərargahında təntənəli şəkildə qeyd ediləcəyini bildirib.  

Səfir 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən etibarən iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, hazırda bütün sahələrdə sıx əlaqələrin mövcud olduğunu, eyni zamanda bu münasibətləri daha da genişləndirmək üçün daha böyük potensialın olduğunu vurğulayıb. O, 2017-ci ilin həm də iki ölkə arasında diplomatik münasibətlərin 25 illik yubileyi ilə səciyyələndiyini qeyd edib.

R.Həsənov Azərbaycanın müstəqil və balanslı xarici siyasət yürütdüyünü, həm Qərb, həm də Şərq ölkələri ilə sıx əlaqələr qurduğunu bildirib. Ölkəmizin həssas geosiyasi məkanda yürütdüyü və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu strategiya sayəsində bir sıra transregional layihələri müvəffəqiyyətlə həyata keçirdiyini, TANAP və TAP kimi nəhəng layihələri reallaşdırmaqda olduğunu, bu layihələrin regional inkişafa və əməkdaşlığa böyük töhfə verdiyini qeyd edib.

Səfir Azərbaycanın Avropa İttifaqı, eləcə də Almaniyanın etibarlı tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyində və enerji təchizatının diversifikasiyasında oynadığı rolu vurğulayıb. O, Azərbaycanın Almaniyanı neftlə təchiz edən ölkələr sırasında beşinci yerdə olduğunu qeyd edib. İlkin dəyəri təxminən 45 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi barədə məlumat verib və bu layihənin hər dörd komponenti üzrə işlərin uğurla davam etdiyini, TAP və TANAP layihələri üzrə işlərin 70%-nin başa çatdığını bildirib.

Müsahibədə Azərbaycanın qonşuları ilə münasibətlərə də toxunulub. Səfir R.Həsənov ölkəmizin Ermənistan istisna olmaqla bütün qonşuları ilə, o cümlədən Xəzər dənizi üzərindən həmsərhəd olduğu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu, bir sıra region ölkələri ilə strateji tərəfdaş olduğunu qeyd edib. Səfir yalnız ölkəmizə hərbi təcavüz etmiş və Azərbaycan torpaqlarını beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlayan Ermənistanla vəziyyətin xoşagəlməz olduğunu bildirib.

Səfir Ermənistanın bu münaqişə nəticəsində 25 il əvvəl Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyini, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparıldığını, amma münaqişənin dondurulmuş olmadığını və hər an yenidən alovlana biləcəyini qeyd edib. O, cəbhə xəttində baş verən insidentlər, aprel hadisələri, Ermənistanın yaxınlarda atəşkəsi pozması nəticəsində iki yaşlı uşaq və nənəsinin öldürülməsi barədə məlumat verib.  

Münaqişənin həlli imkanlarına toxunan R.Həsənov bunun yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində mümkün olduğunu və Ermənistanın rəhbər tutduğu xalqların öz müqəddəratını təyin etmə hüququnu təhrif etdiyini bildirib. Dağlıq Qarabağın müstəqil olması və ya Ermənistana birləşdirilməsinin beynəlxalq hüquqla mümkün olmadığını və Azərbaycanın da bunu heç bir vaxt qəbul etməyəcəyini vurğulayıb. O, Azərbaycanın buna baxmayaraq sülh yolu ilə həllin tərəfdarı olduğunu və münaqişənin həlli üçün substantiv danışıqların aparılmasına çalışdığını qeyd edib.

Səfir münaqişənin uzanmasından ən çox mülki əhalinin əziyyət çəkdiyini, bugünkü status kvonun təhlükəli və qəbuledilməz olduğunu, Minsk Qrupunun həmsədrləri və Almaniyanın da bu haqda bəyanatlar verdiyini qeyd edib, amma Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində münaqişənin həllində indiyədək heç bir irəliləyişin olmadığını vurğulayıb

Azərbaycanın turizm imkanları barədə suala cavab verən R.Həsənov Azərbaycanın həm də turizm ölkəsi olduğunu və hər il Berlində keçirilən İTB Berlin Beynəlxalq Turizm Sərgisində uğurla iştirak etdiyini qeyd edib. O, ölkəmizdə yüksək səviyyəli turizm infrastrukturunun yaradıldığını və Azərbaycana ziyarət edən turistlərin sayının ildən-ilə artdığını bildirib. Qeyd edib ki, Bakı - Berlin və Bakı - Frankfurt-Mayn marşrutları üzrə birbaşa uçuşların həyata keçirilməsi, eləcə də reallaşdırılmaqda olan Tbilisidən Bakıyadək uzanacaq “Cənubi Qafqazda alman irsi” adlı turizm marşrutu ölkəmizə alman turistlərinin maraq göstərməsi üçün əlverişli şərait yaradır. 

 

Arxiv üzrə axtarış