2017-09-23

Düsseldorf şəhərində Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş mədəniyyət axşamı keçirilib

 

23 sentyabr 2017-ci il tarixində Düsseldorf şəhərinin Robert Şuman Konsert Zalında Müslim Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş  mədəniyyət axşamı keçirilib. Tədbir Düsselfdorf şəhərinin meriyasının himayəsi altında Müslim Maqomayev Mədəniyyət Fondu ilə tərəfdaşlıqda Azərbaycanın Almaniyadakı diasporunun təmsilçisi Lalə Süleymanovanın rəhbərlik etdiyi Pinocchio e.V. cəmiyyəti tərəfindən təşkil edilib.

Tədbirdə Nordrayn Vestfaliya əyalətinin parlamentinin deputatları Filip Taser və İonis Vatalis, Düsseldof Əcnəbilər Şurasının sədri Katarina Kabata, Müslim Maqomayev Fondunun Baş direktoru Marqarita Kosareva, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin müşaviri Marat  Kəngərlinski, Rusiya Federasiyasının Düsseldorf şəhərindəki Baş konsulunun müavini Valeriy Sidorov qonaq qismində iştirak ediblər. Konsertin açılışında çıxış edən qonaqlar Müslim Maqomayevin həyatı, yaradıcılığı və müğənnilik istedadı haqqında söhbət açıb, ürək sözlərini bölüşüblər.

Konsertdə “Xəzər virtuozları” kamera orkestrinin müşayiəti ilə opera solistləri İlham Nəzərov, Dəmir və Tatyana Zakirovların ifalarında dünya korifeylərinin əsərlərindən və Müslim Maqomayevin repertuarından mahnılar səslənib. Çexiyada yaşayan şair Lalə Cəfərova isə Müslim Maqomayevin xatirəsinə həsr etdiyi şeir oxuyub. Konsert boyu Müslim Maqomayevin məşhur mahnılarının videoyazıları nümayiş etdirilib. 

Konsertin sonunda,  Müslim Maqomayev Fondunun Prezidenti, mərhum müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək təşkilatçılara, ifaçılara  və qonaqlara öz təşəkkürünü və dərin minnətdarlığını bildirib.        

 

Arxiv üzrə axtarış