2018-02-16

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angeliono Alfano ilə görüşüb

Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angeliono Alfano ilə görüşüb

Azərbaycan və İtaliya arasında bir sıra sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən nazirlər əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin mübadiləsinin əhəmiyyətini vurğuladılar.

İtaliyalı nazir Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırdı və ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini dedi. Nazir Elmar Məmmədyarov İtaliyanın ölkəmizin Avropa İttifaqında ən mühüm tərəfdaşlarından biri olduğunu və Azərbaycanın bu ölkə ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu diqqətə çatdırdı.

Tərəflər ölkələr arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin vacibliyini vurğuladılar. İtaliyalı nazir ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində sözügedən layihələrin əhəmiyyətini qeyd etdi. Bu xüsusda, 2018-ci ilin 15 fevral tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının yekunları yüksək qiymətləndirildi.

Nazir Elmar Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırdı.

2018-ci ildə ATƏT-ə sədrlik İtaliyaya keçdiyini vurğulayan nazir Məmmədyarov ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil edilməsini yüksək qiymətləndirdi. Danışıqlar prosesinin gedişi barədə məlumat verən Elmar Məmmədyarov əlavə etdi ki, münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT sənədlərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.

Görüşdə həmçinin, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

http://www.mfa.gov.az/az/news/909/5487

Arxiv üzrə axtarış