2018-03-11

Berlin şəhərində keçirilən “İTB 2018” beynəlxalq turizm sərgisində ölkəmiz təmsil olunur

2018-ci ilin 7-11 mart tarixlərində Almaniyanın Berlin şəhərində miqyasına və ziyarətçi sayına görə dünyada ən böyük sərgilərindən biri olan “İTB 2018” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi, “AZAL” Qapalı Səhmdar Cəmiyyəti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 25 turizm şirkəti və 4 mehmanxana iştirak edir.  Həmçinin, sərgidə Azərbaycanda keçirilməsi nəzərdə tutulan “EXPO 2025” ümumdünya sərgisi təbliğ edilir. Bu məqsədlə 94 kv.m ərazidə xüsusi layihə əsasında milli stend qurulmuşdur.  

Sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyev və Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Elin Abasovun daxil olduğu nümayəndə heyəti təmsil edir.

Sərginin ilk günündə ölkəmizin ekspozisiyası çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkəmizin məşhur turizm istiqamətləri barədə təkliflər, turizm potensialı və görməli yerləri haqqında məlumat əldə etmək olar.

Sərgi zamanı, Azərbaycan milli stendini Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Ramin Həsənov, Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili və “AZAL” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev ziyarət etmişlər.

Sərgi çərçivəsində BMÜTT-nin təşkilatçılığı ilə “İpək Yolu” ölkələrinin turizm nazirlərinin 8-ci görüşü keçirilmişdir. İclasda “İpək Yolu” mədəni turizm marşrutunun inkişaf strategiyası və digər mühüm məsələlər barədə müzakirələr aparılmışdır.

Bununla yanaşı, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Dünya Turizm Lüsern Forumu”nun rəhbəri Martin Bart, Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin Turizm şöbəsinin müdiri Oksana Serdiuk, Almaniya Səyahət Assosiasiyasının prezidenti Norbert Fibiq, “TUI Group” şirkətinin prezidenti cənab Michael Frenzel, həmin şirkətinin icraçı direktoru cənab Ralf Horter, “BBC” telekanalın nümayəndəsi cənab Sergey Stanovkin, “Messe Berlin” şirkətinin Rusiya və MDB üzrə beynəlxalq nümayəndəliyinin rəhbəri xanım İrina Keyko və “ITB Asia” sərgisinin biznesin inkişafı meneceri Edvin Zee ilə görüşlər keçirmişdir. Görüşlər zamanı, iki tərəfli əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılmış, eləcə də digər məsələlər barədə danışıqlar aparılmışdır.

Arxiv üzrə axtarış