2018-02-27

Almaniyanın Kronberq şəhərində Alman Atlantik cəmiyyətinin və Schlosshotel Kronberqin birgə təşkilatçılığı ilə Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş tədbir keçirilib.

27 fevral 2018-ci il tarixində Almaniyanın Kronberq şəhərində Alman Atlantik cəmiyyətinin və Schlosshotel Kronberqin  birgə təşkilatçılığı ilə “Təhlükəsizlik siyasəti” silsiləsindən növbəti tədbir keçirilib. Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş budəfəki tədbirdə  Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov əsas natiq qismində çıxış edib. “Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda çıxışı zamanı, səfir iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunub, eyni zamanda Azərbaycanın coğrafi mövqeyi, qonşu dövlətlərlə münasibətləri, tarixi, iqtisadiyyatı, mədəniyyəti və regiondakı geosiyasi vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin bölgənin inkişafına və sabitliyinə töhfə verdiyini bildirib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb.  

Azərbaycan səfiri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və Azərbaycan ərazilərinin beynəlxalq hüquqa zidd olaraq Ermənistan tərəfindən işğalının regional təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyini bildirib. 

Tədbir daha sonra iştirakçıların ünvanladığı sualların cavablandırılması ilə interaktiv dialoq şəklində davam edib. 

Tədbirdə siyasi və iqtisadi dairələrin nümayəndələri də daxil olmaqla, alman ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Arxiv üzrə axtarış