2018-07-16

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniya Federativ Respublikasında səfərdə olub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti 11-15 iyul 2018-ci il tarixlərində Almaniya Federativ Respublikasında səfərdə olub.

12 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində Almaniyada təhsil alan azərbaycanlı tələbələr və doktorantlarla bir araya gələn nümayəndə heyəti 13 iyul 2018-ci ildə Berlin şəhərində Almaniyanın şərq bölgələrində, 14-15 iyul 2018 tarixlərində isə Köln şəhərində Almaniyanın qərb bölgələrində yaşayan diaspor təşkilatlarının rəhbərləri, üzvləri və azərbaycanlı iş adamları ilə görüşlər keçirib. Komitənin fəaliyyəti və qarşıda duran vəzifələri barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, diasporanın fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib və müzakirələr aparılıb. Görüşlər interaktiv dialoq formasında baş tutub.

Səfər çərçivəsində eyni zamanda AFR Bundestaqının, Xarici İşlər Nazirliyinin, Federal Kansler Aparatının və Daxili İşlər Nazirliyinin rəsmiləri, eləcə də Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin sədri və üzvləri ilə görüşlər keçirilib, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov görüşlərdə iştirak edib. 

Arxiv üzrə axtarış