2018-09-14

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun Almaniyanın “Jüdische Rundschau” qəzetinə müsahibəsi.

image
 

 

Almaniyada yaşayan yəhudilərə məxsus “Jüdische Rundschau” onlayn qəzetində Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun müsahibəsi dərc edilib.

Müsahibədə ölkəmizdə mövcud olan yəhudi icması üçün yaradılan hərtərəfli şəraitdən danışan Ramin Həsənov bildirib ki, Azərbaycanın tarixən bir çox xalqların və dinlərin vətəni olub, müxtəlif dinlərin və xalqların nümayəndələri burada dinc şəraitdə yaşayıblar. Yəhudilər isə hələ xristianlıqdan öncəki dövrlərdən Azərbaycanda məskunlaşıb, ölkənin ictimai-siyasi həyatına tam şəkildə inteqrasiya olunublar. Ölkəmizdə yəhudi icmasına məxsus orta məktəblər, uşaq bağçaları və sinaqoqlar mövcuddur. Hətta 2003 və 2012-ci illərdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına iki yeni sinaqoq tikilərək yəhudi icmasının istifadəsinə verilib.

Ölkəmizin İsrail ilə ikitərəfli münasibətlərinə toxunan diplomat qeyd edib ki, Azərbaycandakı yəhudi icması və Azərbaycandan İsrailə köç etmiş yəhudilər (təxminən 70 min nəfər) ölkələrimiz arasında körpü rolunu oynayaraq ikitərəfli münasibətlərə əməli dəstək verirlər. İsrail Dövləti Azərbaycanın müstəqilliyini ilk tanıyan və onunla diplomatik münasibət quran ölkələrdən biridir.

Vurğulanıb ki, son illərdə İsraillə iqtisadi münasibətlərin müsbət məcrada inkişaf etməsi təqdirəlayiqdir. İsrail Azərbaycanın mühüm ticarət və investisiya tərəfdaşlarından biridir. 2017-ci ildə Azərbaycan ilə İsrailin ticarət saldosu təxminən 700 milyon ABŞ dollarına bərabər olub. Hazırda Azərbaycanda 40-a yaxın İsrail şirkəti fəaliyyət göstərir.

Səfir, həmçinin diqqətə çatdırıb ki, 2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ikitərəfli münasibətlərə böyük töhfə verib, səfər zamanı ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə sazişlər imzalanıb, hökumətlərarası birgə komissiya yaradılıb. Ölkələrarası əməkdaşlıqda parlamentlərin mühüm rol oynadığını vurğulayan R.Həsənov Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun mövcud olduğunu və cari ilin yanvarında Davosda Prezident İlham Əliyev ilə Baş nazir Benyamin Netanyanunun görüşdüklərini bildirib.

Azərbaycan-Almaniya əlaqələrindən danışan səfir ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla davam etdiyini, intensiv siyasi dialoqun mövcud olduğunu, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşdüyünü bildirib. O deyib ki, Azərbaycan Almaniyanı neftlə təchiz edən ölkələr arasında 7-ci yer tutur, 150-yə yaxın alman şirkəti ölkəmizdə fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, 2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə həm Almaniyada, həm də ölkəmizdə çoxsaylı tədbirlər keçirilib.

“Əsrin müqaviləsi”nə diqqət çəkən diplomat Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi qlobal layihələrin əhəmiyyətindən bəhs edib.

Yaxın Şərqdəki münaqişələr barədə danışarkən Ramin Həsənov bildirib ki, Ermənistan tərəfindən ərazisinin 20 faizi işğal edilmiş və bu ərazilərdən qovulmuş bir milyondan çox qaçqını olan ölkə kimi Azərbaycan Suriyadakı fəlakətli vəziyyəti yaxşı anlayır.

Azərbaycan Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin BMT çərçivəsində tezliklə sülh yolu ilə həll edilməsinə ümid edir. O bildirib ki, mövcud vəziyyətdən sui-istifadə edən Ermənistanın Suriyadan olan qaçqınları Azərbaycanın işğal olunmuş torpaqlarında məskunlaşdırır ki, bu da beynəlxalq hüququn normaları və prinsiplərinə ziddir. 

Mənbə: https://azertag.az/xeber/Almaniyanin_Judische_Rundschau_qezetinde_azerbaycanli_sefirin_musahibesi_derc_edilib-1194627 

Arxiv üzrə axtarış