2018-10-15

Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş tədbir keçirildi

15 oktyabr 2018-ci ildə Berlində Aşağı Saksoniya federal torpağının Federasiya yanındakı nümayəndəliyində Almaniya-Azərbaycan Forumu və NUMOV cəmiyyətinin təşkilatçılığı və “Ağstafa Aqrar Sənaye Kompleksi”-nin dəstəyi ilə “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və gələcək prespektivlər” mövzusunda konfrans keçirildi.

Aşağı Saksoniya federal torpağının Federal və Avropa işləri və Regional İnkişaf Nazirliyinin nümayəndəsi Petra Şults və Almaniya-Azərbaycan Forumunun sədr müavini Helqa Daub təmsil etdikləri qurumların adından tədbir iştirakçılarını salamladılar.

Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış edərək iki dövlət arasındakı münasibətlərin cari vəziyyətini qiymətləndirdi, iki ölkə arasında ən yüksək səviyyədə mövcud olan siyasi dialoqu və bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya, Federal Kansler Angela Merkelin isə ölkəmizə səfərini vurğuladı. Səfir siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlığı qeyd etdi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Almaniyanın ədalətli mövqeyinə toxundu.

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman çıxış edərək Azərbaycanın Avropa üçün geostrateji və iqtisadi əhəmiyyətini vurğuladı. O, xalqlarımız arasında münasibətlərin 200 illik uzun tarixə söykəndiyini və bunun hazırda iki dövlət arasında cari münasibətlərin inkişafı üçün möhkəm fundament yaratdığını qeyd etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Opperman Almaniyanın münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirdi. Opperman Azərbaycanı özünün tolerantlıq ənənələrinə görə İslam dünyasında nümunəvi ölkə adlandırdı.

Daha sonra tədbir panel müzakirələrlə davam etdi. Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntsenin aparıcısı olduğu Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərinə həsr olunan paneldə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasının sədr müavini Azay Quliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq prinsiplərinə əməl olunmasının vacibliyini vurğuladı. Millət vəkili qeyd etdi ki, Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir.  O, eyni zamanda Almaniyanın Minsk Qrupunun üzvü kimi münaqişənin həlli prosesinə daha yaxından cəlb olunmasının vacibliyini vurğuladı.

Bundestaqın deputatı, Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars Dağlıq Qarabağda yaranmış beynəlxalq hüquqi vəziyyətin tam aydın olduğunu, amma münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylərin artırılmalı olduğunu bildirdi. Alman deputat münaqişənin həlli prosesində münaqişə tərəflərindən əlavə, digər maraqlı tərəflərin də mövcud olduğuna işarə etdi və bunun münaqişənin həllini çətinləşdirdiyini qeyd etdi.

Almaniya Xarici İşlər Nazirliyində keçmiş dövlət katibi, NUMOV cəmiyyətinin məsləhət şurasının üzvü Volf Rutord Born bu münaqişədə beynəlxalq hüquq prinsiplərinin pozulduğunu vurğuladı. O, münaqişənin həllində Madrid Prinsiplərinə əməl olunmasının əhəmiyyətini qeyd etdi.

Tədbirin ikinci panelində “Businnes & Diplomacy” jurnalının naşiri Frank Şüttiqin aparıcılığı ilə münasibətlərin tarixi, Azərbaycanda alman irsi və iki dövlət arasında elmi-mədəni münasibətlərə dair müzakirələr keçirildi.

Berlin Humboldt Universitetinin ”Azərbaycan tarixi” kafedrasının müdiri, prof. Eva-Maria Aux almanların tarixən Azərbaycana köç etməsi, onların ölkəmizdə səmimi qarşılanması, alman irsinə hazırda hörmətlə yanaşılması barədə söhbət açdı. Bu köçün səbəblərinə toxunan alman professor bunu Çar Rusiyasının işğal etdiyi Qafqaz regionunda xristian əhalini artırmaqla özünə sosial baza yaratmaq niyyəti güddüyünü, bu məqsədlə erməni, alman, rus və digər xristian millətlərin kütləvi şəkildə Azərbaycana köçürüldüyünü qeyd etdi.

Qissen Universitetinin dosenti Mixael Raynhard Hess xalqlarımız arasında ədəbi-mədəni münasibətlərin tarixinə toxundu və bu tarixin orta əsrlərə gedib çıxdığını qeyd etdi. O, bu xüsusda alman ədəbiyyatşünasların Azərbaycan ədəbiyyatına olan marağına dair bir sıra misallar gətirdi. Hess keçmişdə olduğu kimi, hal-hazırda da ölkələr arasında münasibətlərin istiliyi üçün mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, eləcə də tələbə və tədqiqatçılar arasındakı təmasların əhəmiyyətini vurğuladı.

Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin diplomatı Mattias Kruze ölkəmizdə mövcud olan alman koloniyaları ilə bağlı mövcud müsbət təcrübənin Azərbaycan-Almaniya münasibətlərinin inkişafında oynadığı rolu vurğuladı. O, təmsil etdiyi qurumun sözügedən tarixin əbədiləşdirilməsi və qeyd edilməsi istiqamətində attdığı addımları qeyd etdi. Almaniya Kanslerinin Azərbaycana səfərinə toxunan alman diplomatı bunun bir çox sahələrdə, o cümlədən iqtisadi dairələrdə əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə etdi.

Tədbirdə həmçinin azərbaycanlı Məmməd Əlizadənin Azərbaycanda alman məskənlərinin tarixindən bəhs edən “Keçmişin qızıl səhifələri“ adlı alman dilində yeni nəşr olunmuş kitabı müəllifin iştirakı ilə təqdim edildi. 

Tədbir Azərbaycan musiqiçilərinin ifasında konsert proqramı ilə davam etdi. Nərgiz Əliyevanın pianoda, Ceyhun İsmayılovun skripkada müşayiəti ilə opera ifaçıları xalq artisti Samir Cəfərov və Nərgiz Kərimova Azərbaycan, alman və beynəlxalq musiqi əsərlərindən parçalar ifa etdilər.

Sonda tədbir iştirakçılarına Azərbaycan milli yeməkləri və içkilərindən ibarət qəbul verildi.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Azay Quliyev, Sahib Əliyev və Şahin İsmayılov, Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Almaniyanın siyasi, iqtisadi, elmi-mədəni və mətbuat dairələrinin, eləcə də Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak etdilər. 

 

Arxiv üzrə axtarış