2018-12-12

Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının iclası keçirilib

2018-ci ilin 11 dekabr tarixində Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib. İclasda Koordinasiya Şurasının nizamnaməsinin layihəsi təqdim olunub və idarə heyətinə seçkilər keçirilib. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iclasda iştirak edib.

Tədbir iştirakçılarını salamlayan səfir Ramin Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diaspor qarşısında qoyduğu vəzifə və tapşırıqlardan bəhs edib. Səfir Almaniyadakı diaspor təşkilatlarımızın bu sahədə həyata keçirdiyi işləri qeyd edib, qarşıda duran fəaliyyətə, eləcə də Səfirliyin və Diasporla İş üzrə Dövlət Komitəsinin diasporla əməkdaşlığı məsələlərinə toxunub. Səfir Koordinasiya Şurasının təsis edilməsinin diaspor işinin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına töhfə verəcəyinə inamını ifadə edib və bu istiqamətdə öz təklif və tövsiyələrini diqqətə çatdırıb.

Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəallarının iştirak etdiyi görüşdə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Koordinasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə təkliflər verilib, qarşıda duran vəzifələr nəzərdən keçirilib və 2019-cu il üçün nəzərdə tutulmuş fəaliyyət planı müzakirə olunub.

Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev çıxış edərək təşkilatın qarşısında duran vəzifə və öhdəliklərdən bəhs edib və diaspor təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.

İclas interaktiv dialoq formasında davam edib. 

   

Arxiv üzrə axtarış