2019-02-25

Berlin şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş aksiya keçirilib

24 fevral 2019-cu il tarixində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə Berlin şəhərinin mərkəzində, Brandenburq qapılarının önündə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş aksiya keçirilib.

Erməni silahlı dəstələri tərəfindən bəşəriyyətə qarşı törədilmiş cinayət - Xocalı soyqırımı və 1949-cu il Cenevrə Konvensiyasının Ermənistan tərəfindən pozulması haqqında alman ictimaiyyətini məlumatlandırmaq məqsədilə aksiya iştirakçıları Xocalı faciəsinə dair materialları – qəddarcasına güllələnmiş uşaqların, qadınların və qocaların fotoşəkillərini, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini əks etdirən broşür, buklet və digər vəsaitləri alman ictimaiyyətinin nümayəndələrinə təqdim ediblər.

Aksiyada çıxış edənlər 27 il bundan əvvəl baş vermiş faciə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsi, habelə doğma yurdlarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkün haqqında məlumat veriblər. İştirakçılar “Xocalıya ədalət!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Dilqəmə və Şahbaza azadlıq!” və digər şüarlarla dünya ictimaiyyətinə çağırış ediblər. 

Arxiv üzrə axtarış