2019-02-27

“Q Gallery Berlin” qalereyasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

26 fevral 2019-cu il tarixində Berlin şəhərində yerləşən “Q Gallery Berlin” qalereyasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş sərginin açılışı baş tutub.

Sərgidə çıxış edən Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında məlumat verib. O, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alayın köməyi ilə erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş soyqırımı nəticəsində Xocalı şəhərinin bir gecədə yerlə yeksan edildiyini, böyük əksəriyyətini qadın, uşaq, yaşlı və xəstə insanlar təşkil edən 613 dinc Xocalı sakinin qəddarcasına qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü diqqətə çatdırıb. Səfir faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq miqyasda tanınması üçün aparılan işin əhəmiyyətini qeyd edərək Azərbaycan rəhbərliyinin bu istiqamətdə fəaliyyətini xüsusi vurğulayıb, eyni zamanda Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının artıq konkret nəticələr verdiyini diqqətə çatdırıb. Səfir kampaniyanın davam etdirilməsinin Xocalı faciəsinin unudulmaması və dünyanın digər ölkələrində belə hadisələrinin baş verməsinin qarşısının alınması baxımından vacibliyini qeyd edib. O, Ermənistanın torpaqlarımızı işğal etməsi və işğalın nəticələri barədə danışıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Azad Zeynalov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Xocalı soyqırımından söz açaraq bu faciənin Azərbaycan xalqının yaddaşından silinməyəciyini və hər zaman yad ediləcəyini vurğulayıb. O, Rəssamlıq Akademiyasının gənc rəssamları tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr edilmiş əsərlər barədə məlumat verib.

Azad Zeynalovdan sonra söz alan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Müslümova Nigar Xocalı soyqırımına dair öz təəssüratlarını bölüşüb və  Azərbaycan xalqının tarixində dərin iz buraxan bu faciənin heç zaman unudulmayacağını qeyd edib.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc rəssam və heykəltəraşlarının əsərləri nümayiş olunub. Bu kimi tədbirlərin keçirilməsinin Xocalı soyqırımının tanıdılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyəti qeyd olunub.

Arxiv üzrə axtarış