2019-04-01

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Reynland-Pfalts federal torpağında işgüzar səfərdə olub

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 29 mart tarixində Reynland-Pfalts federal torpağına işgüzar səfər edib.

Səfər çərçivəsində səfir federal torpağın paytaxtı Maynts şəhərində Reynland-Pfaltsın Federasiya, Avropa, mətbuat və rəqəmsallaşma məsələləri üzrə dövlət katibi Hayke Raab, Reynland-Pfalts Landtaqının prezidenti Hendrik Herinq və vitse-prezidentləri Hans-Yozef Braxt və Astrid Şmit, eləcə də Maynts şəhərinin meri Günter Beklə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və regionda gedən proseslər, Azərbaycanın Almaniya ilə əlaqələri, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə mövcud olan əməkdaşlıq və bu əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparılıb. 

Ramin Həsənov Reynland-Pfalts federal torpağının rəsmilərinə Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyini bərpa etdikdən bəri keçdiyi inkişaf yolu, milli maraqlara söykənən xarici siyasəti, enerji əməkdaşlığı, həyata keçirdiyi nəhəng regional layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O, ölkəmizin mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq müstəqil siyasət yürütdüyünü, regionda aparıcı iqtisadi gücə çevrildiyini, işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurduğunu, eləcə də demokratik dövlət quruculuğunda mühüm nailiyyətlərə imza atdığını vurğulayıb. Səfir həmçinin Azərbaycanın beynəlxalq arenadakı fəaliyyətinə toxunaraq, ölkəmizin regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu, Avropa və dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini, eləcə də özünün dini tolerantlıq və multikulturalizm ənənələrindən çıxış edərək dünya ölkələri arasında mədəniyyətlərarası dialoqun dərinləşməsinə töhfələr verdiyini qeyd edib.

Azərbaycan-Almaniya əlaqələrindən danışan səfir yaxınlarda Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə alman məskənlərinin salınmasının 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini, Azərbaycan və Almaniya arasında hazırda bütün sahələrdə münasibətlərin dinamik inkişaf etdiyini, ölkəmizin Almaniyanın regiondakı mühüm tərəfdaşı olduğunu və Almaniyanın federal kansleri Anqela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərə yeni təkan verdiyini bildirib. 

Görüşlərdə həmçinin Azərbaycan və Reynland-Pfalts torpağı arasında mövcud əlaqələr, federal torpağın paytaxtı Maynts şəhəri ilə Bakı, Ludviqshafen şəhəri ilə isə Sumqayıt arasında “qardaşlaşma” münasibətlərinin daha da dərinləşdirilməsi, eləcə də Azərbaycan və Reynland-Pfalts arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycanda sənaye, kənd təsərrüfatı, şərabçılıq, turizm, informasiya texnologiyaları və digər sahələrdə gedən inkişaf, ölkədə əlverişli investisiya və biznes mühitinin mövcudluğu, eləcə də bunun Reynland-Pfalts şirkətlərinin Azərbaycanla əməkdaşlıq etməsi üçün yaratdığı münbit şərait barədə ətraflı fikir mübadiləsi aparılıb. Eləcə də hər iki tərəfin təhsil, mədəniyyət və digər humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsində maraqlı olduğu vurğulanıb. Səfir Ramin Həsənov Reynland-Pfalts torpağının hökumətinin və parlamentinin nümayəndələrini Azərbaycana səfər etməyə dəvət edib. 

Azərbaycan səfirinin səfəri ilə əlaqədar eyni zamanda Maynts şəhər bələdiyyəsində rəsmi qəbul keçirilib. Maynts şəhərinin meri Qünter Bek və səfir Ramin Həsənov qəbulda nitq söyləyiblər. Çıxışlarda Bakı və Maynts arasında mövcud olan şəhərlərarası əməkdaşlıq xüsusilə vurğulanıb və bunun bütövlükdə Azərbaycan və Reynland-Pfalts federal torpağı arasındakı əlaqələrin daha da dərinləşməsi üçün zəmin yaratdığı qeyd olunub. Səfir Ramin Həsənov Maynts şəhərinin Qızıl Kitabına imza atıb.

Arxiv üzrə axtarış