2019-06-06

Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illik yubileyi ilə əlaqədar Berlin şəhərində tədbir keçirilib

5 iyun 2019-cu il tarixində Berlin şəhərində 28 May – Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illik yubileyi ilə əlaqədar rəsmi tədbir keçirilib.

Tədbir Azərbaycanın və Almaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə qonaqları salamlayaraq çıxış edib.

Səfir R.Həsənov 28 may 1918-ci il tarixində Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini, azad, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın -  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını qeyd edib, AXC-nin müsəlman Şərqində ilk demokratik respublika olduğunu və öz təbiəti etibarilə mütərəqqi ideyalar əsasında təşəkkül tapdığını diqqətə çatdırıb.

Əldə edilmiş müstəqilliyin qorunub saxlanmasının o dövrdə daha çox xarici amillərdən asılı olduğu üçün AXC-nin mövcud olduğu müddət ərzində xarici siyasət məsələlərinə xüsusi önəm verdiyini bildirib, cəmi iki ilə yaxın fəaliyyəti dövründə Azərbaycan Hökumətinin gərgin fəaliyyəti nəticəsində AXC-nin 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının iştirakçısı olan böyük dövlətlər tərəfindən de-fakto tanındığını vurğulayıb.

Azərbaycan Respublikasının diplomatik xidmətinin təsis edilməsinin də məhz Cümhuriyyət quruculuğu dövrünə təsadüf etdiyini bildirən səfir R.Həsənov AXC-nin yaranması ilə onun dövlət orqanları sistemi, o cümlədən də Xarici İşlər Nazirliyinin formalaşdığını diqqətə çatdırıb.

1920-ci ilin aprel ayının 20-də sovet-bolşevik rejiminin Azərbaycanı işğal etməsi nəticəsində AXC-nin beynəlxalq münasibətlər sistemində təmsil olunmasına son qoyulmasına baxmayaraq, 70 illik fasilədən sonra Azərbaycan xalqının milli azadlıq mübarizəsi nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edildiyini qeyd edib.

Müstəqilliyin bərpa edilməsindən sonra Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında güclü dövlət quruculuğu, habelə müstəqil və çoxistiqamətli xarici siyasət strategiyasının müəyyən edildiyini bildirib, Azərbaycanın milli maraqlarına əsaslanan bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Səfir R.Həsənov Azərbaycanın müstəqil xarici siyasət aparması nəticəsində beynəlxalq birliyin tamhüquqlu üzvü kimi əldə etdiyi uğurlardan danışıb, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətini qeyd edərək hal-hazırda Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu mühüm regional enerji və nəqliyyat layihələri, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu olan “Cənub Qaz Dəhlizi” təşəbbüsü, habelə regional nəqliyyat imkanları və  Bakı-Tbilisi-Qars dəmir yolu barədə məlumat verib.

Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı məqsədlərindən danışaraq, ölkəmizə xaricdən olan təhdidlərin qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi, enerji, nəqliyyat və iqtisadi strategiyamızın həyata keçirilməsi kimi prioritetlərdən bəhs edib.

Səfir R.Həsənov tarixi 200 il əvvələ gedib çıxan Azərbaycan-Almaniya münasibətlərinə  toxunaraq iki ölkə arasındakı münasibətlərin çoxşaxəli olduğunu və bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini, bu il ölkələrimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 27-ci ildönümü olmasını iştirakçıların diqqətinə çatdırıb. Ötən ilin avqust ayında  AFR kansleri xanım Anqela Merkelin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda olduğunu, bu səfərin ikitərəfli əlaqələrin daha da intensiv inkişafına töhfə verdiyini qeyd edib.

Daha sonra tədbirdə AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert çıxış edib və Almaniya Azərbaycan münasibətlərinin müxtəlif aspektlərinə toxunub. M.Zibert bu əlamətdar gündə eyni zamanda iki yubileyin qeyd edildiyini, onlardan birinin 28 may respublika günü, digərinin isə Azərbaycan diplomatik xidmətinin 100 illik yubileyi olduğunu bildirib. Almaniya və Azərbaycan arasında bütün sahələrdə dinamik münasibətlərdən bəhs edib, Azərbaycanın Cənubi Qafqazda Almaniyanın əsas iqtisadi tərəfdaşı olduğunu vurğulayıb. O, eyni zamanda mədəniyyət və təhsil sahəsində sıx əməkdaşlığın mövcud olduğunu bildirib, bunun bariz nümunəsi kimi Göte İnstitutunun Bakı filialının təsis edildiyini, bu institutun insanları və mədəniyyətləri bir araya gətirdiyini, bununla da ölkələr arasındakı münasibətlərə töhfə verdiyini diqqətə çatdırıb. Zibert həmçinin tez bir zamanda Almaniyada Azərbaycan mədəniyyət evinin açılacağına ümid etdiyini nəzərə çatdırıb. O, Azərbaycanda alman dilinin intensiv şəkildə öyrənildiyini və Azərbaycandan Almaniyada 1000-dən çox tələbənin təhsil aldığını qeyd edib.

Sonra Zibert Almaniya-Azərbaycan münasibətlərinin iqtisadi aspektlərinə toxunub, O, Azərbaycanda Alman Ticarət Palatasının fəaliyyət göstərdiyini, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini bildirib.

M.Zibert Azərbaycan və Almaniya arasında mədəniyyət sahəsində sazişin və Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq sazişinin tezliklə imzalanacağına ümid etdiklərini, Şərq Tərəfdaşlığı proqramının ölkələrimiz arasındakı münasibətlərə təkan verdiyini vurğulayıb. Daha sonra M.Zibert Almaniya-Azərbaycan əməkdaşlığının digər aspektlərinə toxunaraq, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra onun 80-dən çox diplomatının AFR XİN-in diplomatik akademiyasında təlim keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, Azərbaycanın NATO ilə əməkdaşlığından bəhs edib və ölkəmizin Əfqanıstandakı sülhyaratma missiyalarına və tranzit daşımalarına əhəmiyyətli töhfə verdiyini xüsusi vurğulayıb.  

Çıxışlardan sonra Almaniyada doktoranturada təhsil alan azərbaycanlı - Fəridə Rüstəmova, musiqi aləmində yüksək nailiyyətlər əldə etdiyinə görə Baden Württemberg əyaləti tərəfindən oxuduğu müddət ərzində istifadəsinə verilən 1745-ci ilin qədim skripkasında milli və alman klassik nümunələrindən ibarət musiqi parçaları ifa edib.

Tədbir Azərbaycan və Avropa mətbəxinin nümunələrinin təqdim edildiyi ziyafətlə sona çatıb.

İştirakçılara Azərbaycan haqda materiallar təqdim edilib. 

Tədbirdə AFR Federal Parlamentinin vitse-prezidenti Klaudia Rot (Klaudia Roth), Bundestaqın deputatları, Kansler administrasiyasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələrinin təmsilçiləri, Berlindəki xarici diplomatik missiyaların rəhbərləri, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak edib.

Mənbə: https://azertag.az/xeber/Respublika_Gunu_ve_Azerbaycanin_diplomatik_xidmet_orqanlarinin_100_illik_yubileyi_Berlinde_de_qeyd_edilib-1291556 

Arxiv üzrə axtarış