2019-09-24

Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Sentyabrın 23-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Berlin Humboldt Universitetindəki Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans təşkil edilib.

Giriş sözü ilə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Nəsiminin yaradıcılığına nəzər yetirib, onun əsərlərinin əhəmiyyətindən və ömür yolundan söz açıb.

Azərbaycan Respublikası Prezidenti tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın imzalandığını qeyd edən səfir, eyni zamanda, dövlətimizin başçısının digər Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi İli” elan olunduğunu bildirib. Diqqətə çatdırıb ki, bu sərəncamlara əsasən Nəsiminin 650 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir.

Ramin Həsənov deyib ki, 1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində dünyaya gələn Nəsimi gənc yaşlarından fəlsəfə, ədəbiyyat, astronomiya, eləcə də məntiq elmləri ilə maraqlanıb, XIV və XV əsrlərdə Azərbaycanda geniş yayılmış hürufiliyə qoşularaq bu təriqətin fikirlərini təbliğ edən şerlər yazıb. Orta əsrlərdə regionda gedən tarixi proseslərə nəzər salan səfir Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şerin əsasını qoyan Nəsiminin fəlsəfi görüşlərinin bu gün də elmi dairələrdə müzakirə mövzusu olduğunu qeyd edib. Dünyanın aparıcı elm adamları, şərqşünasları, türkoloqları tərəfindən ədəbi irsi tədqiq edilən Nəsiminin adına ölkəmizdə dilçilik institutunun fəaliyyət göstərdiyini, onun həyat və yaradıcılığını əks etdirən bədii filmin çəkildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, səfir Elnur Sultanov çıxış edərək İmadəddin Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Nəsiminin əsərləri Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatında da mühüm yer tutur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrinin yubileyləri siyahısına daxil olunub və beynəlxalq miqyasda qeyd edilib. Həmin dövrdən etibarən Nəsimi ilə bağlı çoxsaylı araşdırmalar aparılıb. Ölkəmizdə və onun hüdudları kənarında Nəsimiyə həsr olunmuş silsilə tədbirlər keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2018-ci ildən etibarən keçirilən “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı”nın əhəmiyyətindən danışan Elnur Sultanov 25 illiyi tamam olan UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının fəaliyyət istiqamətləri və ölkəmizin bu qurumla sıx əməkdaşlığı haqqında məlumat verib. Vurğulayıb ki, bu əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.

Konfransda geniş məruzə ilə çıxış edən “Giessen” və “Berlin” Azad Universitetlərinin dosenti, Nəsimişünas Mixael Raynhard Hess Nəsimi yaradıcılığının araşdırılmasından, onun əsərlərinin digər dillərə, o cümlədən alman dilinə tərcüməsindən söz açıb. Diqqətə çatdırıb ki, Nəsimi poeziyasının bədii keyfiyyəti və fəlsəfi görüşlərinin dərinliyi onu öz dövrünün ədiblərindən ciddi şəkildə fərqləndirirdi. Eyni zamanda, yaradıcılığında Azərbaycan dilinə geniş yer verən Nəsimi ana dilini layiq olduğu yüksək ədəbi səviyyəyə qaldırmışdı.

Daha sonra M.R.Hess və Almaniyada yaşayan soydaşımız Naibə Tural İmadəddin Nəsiminin qəzəllərini alman və Azərbaycan dillərində səsləndiriblər.

Konfrans Berlin Humboldt Universitetindəki Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Auxun moderatorluğu ilə işini interaktiv formada davam etdirib.

Arxiv üzrə axtarış