2019-11-04

Berlində Mirzə Şəfi Vazehə həsr olunmuş tədbirlər keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyinin, “Xalq Bank”ın və “Q Galleri”nin birgə təşkil etdiyi, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt Universitetində keçirilən konfrans “Xalq Əmanəti” layihəsi çərçivəsində yeni çap olunan, Mirzə Şəfi Vazehin “Bütün əsərləri”nin elmi ictimaiyyətə təqdimatına həsr olunub.

Humboldt Universitetinin professoru Eva Maria Aux çıxışında Mirzə Şəfi Vazehin yaradıcılığından, özünəməxsus poeziyasından danışıb. Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor, 3 dildə dərc olunan yeni kitabı Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda, onun oxucularına qiymətli hədiyyə kimi təqdim edib. Universitetin əsasən şərq ölkələri istiqamətində çalışan müəllim və tələbələrinin toplandığı konfransda həm məzmun, həm də tərtibat baxımından nəfis kitabın təqdimatını yaddaqalan hadisə kimi dəyərləndirib: “Mənim fikrimcə, bu, təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətində görürük. Məncə bu ən uğurlu nümunələrdəndir. Mirzə Şəfi Vazehin kitabının 145 dəfə alman dilində çap olunması faktının özü artıq heç bir şərhə yer saxlamır”.

Azərbaycanlı dilçi alim, professor Fəxrəddin Veysəlli çıxışında Mirzə Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarına diqqət yetirib. Vazeh yaradıcılığının Azərbaycan-alman mədəniyyətləri arasında uğurlu körpü rolu oynadığını vurğulayan Fəxrəddin Veysəlli bu işdə Fridrix fon Bodenştedtin də xüsusi rolunu qeyd edib.

Tədbirdə Almaniyanın nüfuzlu tarixçi alimlərindən olan professor Udo Ştaynbax deyib: “Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə alman dilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, Almaniyada Vazehin şeirlərini çox adam sevə-sevə oxuyur, amma müəllifi kifayət qədər tanımırlar. Mirzə Şəfi Vazeh və Bodenştedtin yaradıcı əlaqələrindən və bunun hər iki xalqa verdiyi gözəl töhfələrdən də kifayət qədər məlumatları yoxdur. Düşünürəm ki, bu kitab və onun universitetdə təqdimatı bu boşluğu doldurmaqda yardımçı olacaq”.

Şübhəsiz ki, söhbət Mirzə Şəfi Vazehin kitabından, onun şeirlərindən gedirsə, deməli təqdimat həm də ədəbi-bədii müstəvidə davam etməli idi. Bunu gözəl bilən təşkilatçılar həmin hissəni Berlin “Q Galleri”də qonaqlara təqdim ediblər. “Xalq Əmanəti” layihəsinin rəhbəri Rafiq Həşimov kitabın böyük bir kollektivin 5 ildən artıq bir müddətdə çəkdiyi zəhmətin bəhrəsi olaraq ərsəyə gəlməsi barədə məlumat verib. O, ədibin 225 illiyinə təsadüf edən kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu deyib və öncəki işlərin nümayiş etdirildiyi stendi qonaqlara təqdim edib.

Mirzə Şəfi Vazeh yaradıcılığından bəhs edən natiqlərin çıxışlarından sonra söz poeziya və musiqiyə verilib. Rafiq Həşimov və alman aktrisa Kristiana Foqt şairin əsərlərini Azərbaycan və alman dillərində səsləndiriblər. Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları da qonaqlara xoş anlar yaşadıb.

Aktrisa Kristiana Foqt deyib: “Maraqlıdır ki, Vazehin şeirləri mənə Höteni xatırlatdı. Ona görə də, sirli şərq ədibinin əsərlərini ilk dəfədən həvəslə və asanlıqla səsləndirdim. Düzü dil, üslub, ritm baxımından mənə bu qədər yaxın olacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi. Etiraf edim ki, bu, mənim üçün gözlənilməz oldu”.

Çox gözəl ab-havada keçən gecənin yekununda isə yeni nəşrin alman, Azərbaycan və rus dillərində olan nüsxələri, eyni zamanda, “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin digər kitabları qonaqlara hədiyyə edilib. 

Mənbə: https://azertag.az/xeber/1351790 

Arxiv üzrə axtarış