2019-12-04

Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin “Əmək və həyat” cəmiyyətinin Federal Siyasi Maarifləndirmə Mərkəzi ilə birlikdə həyata keçirdiyi xarici siyasət seminarının iştirakçıları üçün Azərbaycan haqqında məlumatlandırma tədbiri keçirilib

3 dekabr 2019-cu il tarixində Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin “Əmək və həyat” cəmiyyətinin (Arbeit und Leben e.V. ) Federal Siyasi Maarifləndirmə Mərkəzi (Bundeszentrale für politische Bildung, BpB) ilə birlikdə həyata keçirdiyi xarici siyasət seminarının iştirakçıları üçün Azərbaycan haqqında məlumatlandırma tədbiri keçirilib.

Tədbirdə “Əmək və həyat” cəmiyyətini, Almaniyanın müxtəlif dövlət qurumlarını, təhsil, tədqiqat və humanitar təsisatlarını, eləcə də özəl şirkətlərini təmsil edən şəxslər iştirak ediblər.

Səfirliyin ikinci katibi Vüqar Qafarov Azərbaycanın daxili və xarici siyasəti, çoxqütblü diplomatiyası və beynəlxalq əməkdaşlığı, trans-regional layihələri və təşəbbüsləri, Avropa İttifaqı ilə tərəfdaşlığı, qonşuları ilə münasibətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda demokratiya və dünyəvilik ənənələri, ölkəmizin multikulturalizm və dini tolerantlıq mühiti, dinlər və mədəniyyətlərarası dialoqa töhfəsi, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin tarixi və bu günü barədə məruzə ilə çıxış edib.

Daha sonra tədbir interaktiv müzakirələrlə davam edib və səfirliyin əməkdaşları qonaqların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın İran və Rusiya ilə münasibətləri, Qoşulmama Hərəkatı, Azərbaycanın siyasi sistemi, ölkəmizdə demoqrafik vəziyyət, əhalinin məşğulluğu, qadınların rolu, turizm imkanları, Azərbaycanın ixracat məhsulları və digər məsələlərə dair suallarını cavablandırıblar. Azərbaycandakı alman məskənləri və irsi barədə verilmiş məlumatlar iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbir zamanı həmçinin, Azərbaycanın mədəniyyətinə, incəsənətinə, mədəni turizm imkanlarına və münaqişəyə dair müvafiq əyani materiallar nümayiş olunub və iştirakçılara paylanıb.

Arxiv üzrə axtarış