2019-12-16

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində anılıb

13 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə səfirlikdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Ulu Öndər Heydər Əliyevin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib və Ümummilli Liderin səfirlikdəki büstünün önünə gül dəstəsi qoyulub.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə çıxış edərək, Sovetlər dövründə və müstəqilliyimizi bərpa etdikdən sonra Ulu Öndərin xalqımızın taleyindəki və dövlətçilik tarixindəki rolundan və müstəsna xidmətlərindən söz açıb, iki siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş Ümummilli Liderin hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun şəkildə özünün bütün fəaliyyətini Azərbaycanın yüksəlişinə və inkişafına həsr etdiyini vurğulayıb.

Səfir 1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalqımızın özünü və ölkənin gələcəyini Ulu Öndərə etibar etdiyini və məhz onun müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində xalqımızın fəlakətdən xilas olduğunu nəzərə çatdırıb. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanın sabitlik və inkişaf dövrünə qədəm qoyduğunu, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edildiyini və ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən ciddi siyasi və iqtisadi islahatların həyata keçirilməsinə başlanıldığını bildirib, müstəqilliyimizin onun sayəsində əbədi və dönməz xarakter aldığını vurğulayıb.

Ümummilli Liderin əsasını qoyduğu daxili və xarici siyasətin, eləcə də strateji kursun hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən səfir Ramin Həsənov, məhz bu siyasət nəticəsində bu gün davamlı və dinamik inkişaf edən Azərbaycanın günü-gündən möhkəmləndiyini, ölkəmizin Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevrilməklə yanaşı, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığını nəzərə çatdırıb. Bütün bu nailiyyətlərin hələ sağlığında özünə müstəqil Azərbaycan dövləti kimi əzəmətli və əbədi bir abidə ucaltmış Heydər Əliyev siyasətinin təntənəsi olduğunu vurğulayıb.

Tədbirin rəsmi hissəsindən sonra Almaniyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı pianoçu Fidan Ağayeva - Edler Azərbaycan və Qərb klassiklərinin əsərlərini ifa edib.

Arxiv üzrə axtarış