2019-12-26

Almaniyada Azərbaycan evi soydaşlarımızın istifadəsinə verilib

Xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadıqları şəhərlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir. Daha bir ev dekabrın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində açılıb.

Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirin əlamətdar bir gündə keçirildiyini qeyd edib. O, Azərbaycanda və beynəlxalq arenada böyük nüfuza malik olan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, onun rəhbərliyi altında son illər ölkəmizin əldə etdiyi sanballı uğurlardan danışıb.

Komitə sədri Azərbaycan evlərinin əhəmiyyətini qeyd edərək, bu məkanların dövlətimizi və xalqımızı sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıq olduğunu vurğulayıb: “Azərbaycan evləri soydaşlarımızın dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Ümid edirəm ki, bu evlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcək”.

Daha sonra Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digərləri çıxış edərək dövlətimizin başçısını doğum günü münasibətilə təbrik edib, Azərbaycanın sülh və sabitlik məkanı olduğunu vurğulayıblar. Belə bir əlamətdar gündə xarici ölkədə Azərbaycan evinin açılmasını xaricdə yaşayan soydaşlarımıza yüksək diqqət və qayğının nümunəsi adlandırıblar.

Tədbir Azərbaycan muğamından ibarət konsert proqramı ilə davam edib.

Mənbə: https://azertag.az/xeber/1375083 

Arxiv üzrə axtarış