2020-01-20

Berlində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı ilə Berlində yerləşən Azərbaycan Evində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.

20 Yanvar qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Ramin Həsənov çıxış edib.

O, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın barədə ətraflı məlumat verib, hadisələrin törədilməsində əsas məqsədin Azərbaycan xalqının istiqlaliyyət, azadlıq, suverenlik istəyinin boğulmasından, insanların müstəqillik arzularının əzilməsindən ibarət olduğunu qeyd edib. Lakin Sovet imperiyasının Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra və milli ruhunu sarsıda bilmədiyini vurğulayıb. Xalqımızın müstəqillik uğrunda həmin gecə öz canını fəda etmiş mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirdiyini, onların ruhuna ehtiram göstərdiyini, xatirəsini hər zaman uca tutduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin “Qanlı Yanvar” hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən bəhs edən səfir Ramin Həsənov, həmin hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ulu Öndər tərəfindən verildiyini, onun təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin martın 29-da qəbul etdiyi qərarla 20 Yanvar faciəsi günahkarlarının müəyyənləşdirildiyini və bu qanlı aksiyanın Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Səfir ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edib, arxada qalan dövrə nəzər salıb, Azərbaycanın hazırda Cənubi Qafqaz regionunun ən inkişaf etmiş dövlətinə çevrildiyini vurğulayıb. Regionda baş verən böyük münaqişələr, vətəndaş müharibələri, iğtişaşlar, terror aktlarına baxmayaraq, ölkəmizdəki siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifahın böyük uğur olduğunu diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri professor Eva-Mariya Aux çıxışlarında 20 Yanvar hadisələri, Bakıda və ölkəmizin digər bölgələrində Azərbaycanın azadlığı və müstəqilliyi naminə aparılan mübarizə haqqında ətraflı məlumat verib, hələ SSRİ dövründə çoxsaylı xalqların nümayəndələrinin yaşadığı multikultural şəhər olan Bakıda törədilən qırğında azərbaycanlılarla yanaşı, müxtəlif millətlərin nümayəndələrinin də şəhid edildiyini qeyd ediblər. SSRİ-nin dağılması ərəfəsində bir sıra keçmiş sovet respublikalarında dinc nümayişlərin olduğunu və onlara qarşı da zorakılığın tətbiq edildiyini, lakin Sovet hakimiyyətinin 20 Yanvar hadisələri zamanı Bakıda törətdiyi hərbi cinayətlərin cəlb edilmiş hərbi qüvvələrin miqyasına və qətl edilmiş dinc insanların sayına görə digərləri ilə müqayisə olunmaz dərəcədə ağır olduğunu bildiriblər.

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı film və həmin hadisələr haqqında tarixi fotoşəkillər nümayiş etdirilib. Azərbaycanın milli azadlıq hərəkatı və 20 Yanvar hadisələrinə dair ümumi müzakirələr aparılıb, hadisələrlə bağlı suallar cavablandırılıb.

Mənbə: https://azertag.az/xeber/Berlinde_20_Yanvar_faciesinin_otuzuncu_ildonumune_hesr_olunmus_tedbir_kechirilib-1390940 

Arxiv üzrə axtarış