2020-10-02

Səfir Ramin Həsənov “TV Berlin” telekanalına Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatları barədə geniş müsahibə verib

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Almaniyanın “TV Berlin” telekanalına Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatları barədə geniş müsahibə verib.

Müsahibədə diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi-hüquqi aspektləri, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi, Ermənistanın son təxribatları, mövcud vəziyyətdə xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Almaniyanın tutduqları mövqe, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqların səmərə verməməsi və sair barədə yerli ictimaiyyəti məlumatlandırıb.

Münaqişənin Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yarandığını bildirən səfir qeyd edib ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. R.Həsənov, eyni zamanda, Ermənistan baş nazirinin hakimiyyətə gəlməsindən sonra Azərbaycana qarşı həyata keçirilən təxribatlardan, o cümlədən qondarma “respublikada” “prezident və parlament seçkiləri”nin keçirilməsindən, bəzi inzibati binaların Azərbaycanın qədim şəhəri və mədəniyyət mərkəzi olan Şuşaya köçürüləcəyinin elan edilməsindən, habelə Suriya və Livandan erməni əsilli şəxslərin işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmasından danışıb.

 

Müsahibə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=OlTV79qrHBQ&feature=youtu.be

Mənbə: https://azertag.az/xeber/Almaniya_telekanali_Azerbaycan_sefirinin_Ermenistanin_son_texribatlari_barede_musahibesini_yayib-1601561#.X3bqZU98WyY.twitter

 

Arxiv üzrə axtarış