2021-03-01

“TV Berlin” televiziya kanalı Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun Xocalı soyqırımından bəhs edən müsahibəsini yayımlayıb

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “TV Berlin” televiziya kanalına müsahibə verib . O, müsahibədə Xocalı soyqırımının tarixçəsi və təfərrüatları barədə ətraflı məlumat verib. Səfir bildirib ki, 29 il bundan öncə, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalıya hücum edərək şəhəri yerlə-yeksan edib və hücum nəticəsində 613 azərbaycanlı mülki şəxs amasızcasına qətlə yetirilib. Vurğulayıb ki, gələcəkdə bu kimi qorxunc soyqırımların bir daha təkrarlanmaması üçün Xocalı soyqırımına hüquqi qiymət verilməli, bu hadisəni törədənlər layiqli cəzasını almalıdırlar. O, eyni zamanda Xocalı soyqırımı ilə bağlı Almaniyada təşkil olunan tədbirlərdən, bu hadisəyə həsr olunan „Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” adlı ənənəvi simpoziumdan danışıb. Ramin Həsənov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsindən, ötən illər ərzində işğal altında olan ərazilərimizin ermənilər tərəfindən tamamilə dağıdılmasından, ATƏT-in Mİnsk Qrupu çərçivəsində uzun müddət aparılan danışıqların uğursuz olmasından, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların təfsilatlarından və onların davamlı sülh və regionun perspektiv inkişafı üçün əhəmiyyətindən bəhs edib. Əldə edilmiş razılaşmaların tam reallaşdırılması məqsədilə beynəlxalq ictimaiyyətdən və Almaniyadan gözləntiləri səsləndirib.

“TV Berlin” televiziya kanalı sözügedən müsahibə əsasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş 13 dəqiqəlik geniş reportaj hazırlayıb. Reportajda həmçinin, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş Xocalı soyqırımı “Müharibə uşaqları” adlı sənədli filmdən parçalar nümayiş olunub.

 

Müsahibə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://www.tvb.de/nachrichten/2113/tv_berlin_Spezial_Interview_mit_dem_aserbaidschanischen_Botschafter.html 

Arxiv üzrə axtarış