2021-12-10

Berlində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

10 dekabr 2021-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və Umummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov ömrünü Azərbaycanın inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Vətənimiz qarşısında tükənməz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməlini qoyub və bununla da adını qızıl həriflərlə ölkəmizin tarixinə yazdırıb. Səfir çıxışında həmçinin Ulu Öndərin ölkəmizin dünya miqyasında tanınması, beynəlxalq arenada nüfuzunun artması, habelə Azərbaycan diasporunun formalaşması istiqamətində göstərdiyi müstəsna fəaliyyətə toxunub. Diqqətə çatdırıb ki, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulayıb ki, məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyyətlər əldə edib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad olunub.

Tədbirdə Almaniyada təhsil alan gənc azərbaycanlı pianoçu Nərmin Nəcəflinin ifasında Ulu Öndərin xatirəsinə həsr edilən musiqi proqramı səsləndirilib və qəbul təşkil olunub.

Arxiv üzrə axtarış