2022-12-22

Azərbaycanın Almaniyadakı səfirliyi konsulluq xidmətlərini təkmilləşdirir

Almaniya qərb ölkələri arasında ən çox Azərbaycan vətəndaşının yaşadığı ölkələrdəndir. Vətəndaşlara göstərilən konsulluq xidmətlərinin səviyyəsinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin olunması Azərbaycanın Almaniyadakı səfirliyinin diqqət mərkəzindədir. Bu sahədə cari ilin sentyabr ayından bəri aşağıdakı işlər görülüb: 

Sayt vasitəsilə konsulluq şöbəsi ilə görüş vaxtının təyin edilməsi: 

Bu sistemin tətbiqi ilə AR vətəndaşları, eləcə də digər müraciətçilər səfirliyin internet səhifəsinə (http://termin.botschaft-aserbaidschan.de) daxil olaraq, konsulluq şöbəsində rahat şəkildə görüş üçün vaxt təyin etmək imkanı əldə edirlər.

POS-terminalın quraşdırılması:

Konsulluq şöbəsinə müraciət edən şəxslərin rahatlığının təmin olunması məqsədilə şöbədə POS-terminal quraşdırılıb. Bununla da konsulluq əməliyyatları rüsumları ilə bağlı ödənişləri etmək üçün vətəndaşların və digər müraciətçilərin artıq hər hansı banka getmələrinə ehtiyac yoxdur. Bu ödənişlər yerində POS-terminal vasitəsilə həyata keçirilə bilər.

Üçüncü xüsusi telefon xəttinin quraşdırılması:

Vətəndaşların və digər müraciətçilərin telefon zənglərinin cavablandırılması işinin daha səmərəli təşkili üçün üçüncü xüsusi telefon xətti istifadəyə verilib. Bununla, eyni vaxtda üç konsulluq əməkdaşı daxil olan çoxsaylı telefon müraciətlərini cavablandırır.

Növbə sisteminin avtomatlaşdırılması:

Quraşdırılmış növbə avadanlığı vasitəsilə konsulluq şöbəsinin qəbul otağına daxil olan şəxslərə girişdə nömrə əldə etməklə növbə tutmaq imkanı verilir.

Konsulluq qəbul otağının əsaslı təmiri

Konsulluq şöbəsinin qəbul otağı əsaslı şəkildə təmir olunub və burada paytaxt Bakı şəhərinin, habelə 44-günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən azad edilən mədəniyyət paytaxtımız Şuşanın əsrarəngiz gözəlliyini əks etdirən şəkillər asılıb.

Azərbaycanın Almaniyadakı səfirliyi konsulluq şöbəsinin işinin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətini davam etdirir.

 

 

Qısa videoya burada baxmaq olar: https://youtu.be/fddrruquIi0 

 

Arxiv üzrə axtarış