2023-02-19

Prezident İlham Əliyev Münxendə televiziya kanallarına müsahibələr verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verib.

Prezident İlham Əliyev: Salaməleyküm.

Jurnalistlər: Salam, cənab Prezident.

Jurnalist: Yəqin ki, görüş keçirildi, necə keçdi?

Prezident İlham Əliyev: Yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu. Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün.

Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik.

Jurnalist: Cənab Prezident, Bakı vaxtı ilə 19:30-da panel müzakirəsinin keçiriləcəyi gözlənilir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də məhz bu panel müzakirəsində iştirak edəcək. Tbilisi formatı gündəmə gələ bilərmi?

Prezident İlham Əliyev: Ola bilər. Çünki bu, təbii olar. Biz də bunu alqışlayırıq. Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı. İlkin variantda Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi. Yəqin dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki, nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər.

Jurnalist: İranla Azərbaycan arasında münasibətlərin normallaşmasını necə görürsünüz? Birinci addımı kim atmalıdır?

Prezident İlham Əliyev: Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərk-silah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə verib.

- Cənab Prezident, Real Televiziyasının bir sualı olacaq. Olarmı? Cənubi Qafqazın təhlükəsizliyindən söhbət getdi, yəni, Siz 2020-ci ildə də burada iştirak etmişdiniz və bu 2-3 il ərzində baş verənləri nəzərə alsaq, Siz faktiki olaraq təhlükəsizlik baxımından Cənubi Qafqazın xəritəsini təqdim etdiniz.

-Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir.

Şadam ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Yəqin siz görmüsünüz ki, iştirakçıların sayı da kifayət qədər çox idi, maraq da kifayət qədər böyük idi. Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi.

Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür.

O ki qaldı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.

-Təşəkkür edirik. Ermənistan baş naziri tərəfindən yenə qeyri-obyektiv fikirlər səsləndirildi. Yəni, hələ də ikinci dəfə görüşdə, belə deyək, yenə öz amplualarındadır. Nə istəyirlər?

- Bilmirəm, bunu siz daha yaxşı şərh edə bilərsiniz. Əlbəttə, mən bilirəm ki, çoxlarınız “kokeyşn büro” haqqında bəzi fikirlər gözləyirdiniz, yaxşı ki, bu olmadı. Amma yenə də səmimiyyət nöqteyi-nəzərindən hesab edirəm ki, daha da, necə deyərlər, dolğun bir mənzərə yarana bilərdi.

Çünki bilirsiniz, bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik.

Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.

Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər. Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar.

-Cənab Prezident, bir sual da xahiş edirik. Avropa İttifaqının nümayəndələri ilə görüşərkən Fransanın qərəzli mövqeyi ilə bağlı hər hansı bir fikir səsləndirilibsə, istərdik ki, bu haqda da eşidək.

- Bu haqda mənim tərəfimdən nə isə demək bəlkə düzgün olmaz. Amma əlbəttə ki, bütün görüşlərdə bu məsələ gündəlikdə idi. Hesab edirəm ki, Azərbaycanın ədalətli mövqeyi də anlayışla qəbul edilir.

-Cənab Prezident, üzr istəyirəm, bir sual da verəcəyəm. Deməli, burada enerji təhlükəsizliyi ilə bağlı panellər keçirilir. Ümumiyyətlə, necə bilirsiniz, Azərbaycanın son vaxtlar enerji təhlükəsizliyi təchizatı ilə bağlı irəli sürdüyü məsələlər, Bolqarıstanda, Rumıniyada imzalanan müqavilələr, Avropa İttifaqı ilə. Yəni, Azərbaycan burada faktiki olaraq hərəkətverici qüvvədir. Bir daha istəyərdik ki, Sizdən bu barədə bir şərh eşidək.

- Bu təbiidir. Yəni, bu, yəqin artıq həqiqətdir ki, əlavə şərhlərə də ehtiyac yoxdur. Həm Davos Forumu çərçivəsində, həm burada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön sıralarındadır. Əlbəttə ki, burada Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Deyə bilərəm ki, bir çox görüşlərdə bizim Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır.

Burada həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilərlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək.

Jurnalistlər: Çox sağ olun.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Munxende_televiziya_kanallarina_musahibe_verib__YENILANIB_VIDEO-2496305 

Mənbə: https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Munxende_Azerbaycan_televiziya_kanallarina_musahibe_verib_YENILANIB_VIDEO-2496710 

 

Arxiv üzrə axtarış