2023-04-23

Səfir Nəsimi Ağayev Almaniyanın Bavariya federal torpağına səfər edib

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 18-20 aprel 2023-cü il tarixlərində Almaniyanın ərazicə ən böyük və iqtisadi cəhətdən ən inkişaf etmiş federal torpaqlarından olan Bavariyaya səfər edib. Səfərin məqsədi federal torpağın yüksək vəzifəli təmsilçiləri ilə Bavariya və Azərbaycan arasında əməkdaşlıq məsələlərinin müzakirəsi, onların ölkəmizin iqtisadiyyatı və sərmayə imkanları barədə məlumatlandırılmasından, səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasından ibarət olub.

N.Ağayev səfəri çərçivəsində Bavariya Landtaqının (parlament) prezidenti İlse Ayqner ilə görüşüb. N.Ağayev görüşdə həmsöhbətini Azərbaycanın Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal layihələr, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb. Görüş zamanı Azərbaycan və Almaniya, eləcə də onun federal torpaqları arasında əlaqələrin genişlənməsində parlamentlərarası münasibətlərin böyük önəm daşıdığı vurğulanıb.

Səfir N.Ağayev səfəri çərçivəsində həmçinin Bavariya baş nazirinin müavini və daxili işlər və inteqrasiya naziri Yoaxim Herman, Avropa və beynəlxalq məsələlər üzrə dövlət naziri Melani Huml, Münhen şəhərinin vitse-meri Katrin Habenşaden, Bavariya federal torpağının baş nazirinin aparatının rəhbəri, federal işlər və media üzrə dövlət naziri Florian Herman və Bavariya iqtisadiyyat, regional inkişaf və enerji nazirliyinin rəhbərliyi ilə görüşlər keçirib. Görüşlərdə aidiyyəti sahələr üzrə əməkdaşlıq məsələləri, münasibətlərin inkişaf perspektivləri, habelə hər iki tərəf üçün qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

N.Ağayev səfər zamanı həmçinin Türkiyənin Münhendəki baş konsulu Süalp Erdoğan, İsrailin baş konsulu Karmela Şamir, Avropa Ravvinləri Konfransı təşkilatının baş icraçı direktoru Qadi Qroniç ilə görüşlər keçirib, habelə Xristian Sosialistlər İttifaqı (CSU) partiyasının baş ofisini ziyarət edib.

Səfər çərçivəsində Azərbaycan səfirinin həmçinin Bavariyada yaşayan Azərbaycan, türk, yəhudi və digər icmaların fəalları ilə görüşləri baş tutub.

 

Arxiv üzrə axtarış