2023-11-02

Azərbaycanın Almaniyadakı səfiri Zaksen əyalətinə səfər edib

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 1 noyabr 2023-cü ildə Almaniyanın Zaksen federal əyalətinə səfər edib. Səfər çərçivəsində ilk görüş Zaksen Landtaqının (parlament) sədri Matias Rösler ilə keçirilib. Görüş Landtaq sədrinin ofisinin yerləşdiyi Ştendehaus adlı tarixi inzibati binada baş tutub. Binanın qarşısında Azərbaycan, Almaniya və Zaksen əyalətinin bayraqları dalğalandırılıb. Görüşdən əvvəl səfir N.Ağayev Zaksen Landtaqının qonaq kitabına imza atıb. Görüşdə M.Rösler Zaksen Landtaqının fəaliyyəti, tarixi və xarici əlaqələri barədə məlumat verib. Səfir N.Ağayev həmsöhbətini  Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, sosial–iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər, multikulturalizm ənənələri, xarici siyasəti, o cümlədən ölkəmizin qonşuları ilə əlaqələri və s. barədə məlumatlandırıb. Tərəflər Azərbaycan Milli Məclisi və Zaksen Landtaqı arasında əlaqələrin gücləndirilməsinin və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. 

Növbəti görüş Zaksen əyalətinin baş naziri Mixael Kreçmer ilə olub. Görüşün keçirildiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağı ucaldılıb. Tərəflər Azərbaycan ilə Zaksen arasında münasibətlərin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Münasibətlərin geniş inkişaf potensialına malik olduğu, bunun üçün təmasların artırılmasının zəruriliyi qeyd olunub. Səfir Azərbaycan-Almaniya arasındakı ikitərəfli münasibətlər, ölkəmizin Avropanın enerji mənbələrinin şaxələndirilməsində oynadığı mühüm rol, Azərbaycan-Ermənistan münasibətləri, hazırkı danışıqlar prosesi, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması yolunda Azərbaycanın səyləri və s. barədə danışıb. 

Səfər zamanı N. Ağayev Zaksen əyalətinin elm naziri Sebastian Qemkov ilə də görüş keçirib. Görüşdə elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan və Zaksen əyalətinin tədqiqat mərkəzləri, elm və təhsil müəssisələri, xüsusilə də ali məktəbləri arasında əməkdaşlığın gücləndirilməsinin tərəflər üçün qarşılıqlı faydalı olacağı qeyd edilib. 

Səfər çərçivəsində səfir N. Ağayev Drezden Dövlət və Universitet Kitabxanasını ziyarət edib. Ziyarət zamanı kitabxananın baş direktoru Katrin Ştump ilə görüş keçirilib. Görüş çərçivəsində kitabxana rəhbərliyi tərəfindən Azərbaycan səfirinə “Dədə Qorqud” dastanının uzun əsrlərdən bəri bu kitabxanada saxlanılan, 16-cı əsrə aid olması ehtimal edilən nadir nüsxəsi ilə əyani şəkildə tanış olmaq imkanı yaradılıb. Səfir N.Ağayev bu imkana görə kitabxana rəhbərliyinə öz dərin təşəkkürünü bildirib və kitabxananın qonaq kitabını imzalayıb.

 

Video: https://twitter.com/nasimiaghayev/status/1719769276788228593?s=43&t=8sa2zBkVWxs97HFgp37-kg 

Arxiv üzrə axtarış