2024-04-26

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Berlində 15-ci Petersberq İqlim Dialoqunda iştirak edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 aprel tarixlərində Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqunda iştirak edib.

Tədbirdə çıxış edən Muxtar Babayev bildirib ki, Azərbaycan qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsinə qədər azaldılması məqsədinə nail olmaq üçün səy göstərir. Qeyd edilib ki, 2030-cu ilə qədər Milli Uyğunlaşma Planlarına (NAP) nail olma yolunda sürətli irəliləyiş əldə edilə bilər və bu planlar ən yaxşı təcrübə və texnologiyaların paylaşılmasını müəyyən edəcəkdir.

Nazir tərəfindən iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin iqlim diplomatiyası çərçivəsində ən vacib mövzulardan olduğu bildirilib. Bu xüsusda, Bakıda keçiriləcək COP29-a hazırlıq məqsədilə maliyyə institutlarından tutmuş özəl sektora, maliyyə xidmətləri və xeyriyyə təşkilatlarına qədər fərqli aktorlarla birgə işin həyata keçirildiyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Muxtar Babayev həmçinin Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüb. Görüşdə Almaniya tərəfinə tədbirin uğurlu təşkili üçün minnətdarlıq ifadə edilib. Annalena Berbok tərəfindən Almaniyanın Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu bildirilib.

 

https://azertag.az/xeber/almaniya_azerbaycani_cop29_da_desteklemeye_hazir_oldugunu_ifade_edib-2976460

 

Arxiv üzrə axtarış