2023-05-02

Berlində “Azərbaycan və Avropanın enerji təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

Azərbaycanın Almaniyadakı Səfirliyində Almaniyanın 1500-ə yaxın şirkətini özündə birləşdirən “Liberaler Mittelstand” təşkilatı ilə birgə Avropanın və Almaniyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dair tədbir keçirilib.

Tədbirin əvvəlində “Liberaler Mittelstand” təşkilatının Berlin nümayəndəliyinin rəhbəri Xristian Qrosse Azərbaycanın indiyədək qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən danışıb, enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın əsas və etibarlı təchizatçılardan biri olduğunu bildirib.

Sonra səfir N.Ağayev tədbir iştirakçılarına Azərbaycanın enerji siyasəti barədə məlumat verib. Bu xüsusda, ölkə rəhbərliyinin qətiyyətinin və uzaqgörən siyasətinin həlledici amil olduğunu söyləyən səfir Xəzərin zəngin karbohidrogen ehtiyatlarını Qərb bazarlarına açmış “Əsrin müqaviləsi”nin tarixi önəmindən bəhs edib, bu müqavilə çərçivəsində istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, regionun ümumi siyasi transformasiyasına, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verdiyini vurğulayıb. N.Ağayev ölkəmizin neft ixracatçısı olmaqla yanaşı, son illər ərzində etibarlı qaz təminatçısına da çevrildiyini vurğulayıb. Bununla əlaqədar, Cənub Qaz Dəhlizinin reallaşdırılması və “Şahdəniz” qazının Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri ilə nəqlinin Avropanın enerji təhlükəsizliyinə müsbət təsirlərindən söz açıb. Keçmişdə bir çoxlarının Cənub Qaz Dəhlizinin reallaşmasına şübhə ilə yanaşdığını xatırladan N.Ağayev bu layihənin artıq reallığa çevrildiyini və bu məqamın bir daha Azərbaycan rəhbərliyinin enerji siyasətinin prinsipiallığına və uzaqgörənliyinə dəlalət etdiyini diqqətə çatdırıb.

Daha sonra, N.Ağayev Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı atdığı addımlara toxunub. O, “yaşıl hidrogen” və “təmiz enerji” layihələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfir N.Ağayev, həmçinin Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində törədilmiş kütləvi dağıntılar və hazırda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Arxiv üzrə axtarış