2023-06-27

Berlində Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününün 105 illiyi qeyd olunub

26 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününün 105 illiyi münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzində tədbir təşkil olunub. Tədbirdə Almaniya Müdafiə Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, müxtəlif ölkələrin səfirləri, hərbi attaşeləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər

Tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib. Qonaqlar sonra Azərbaycan Respublikası Silahlı Qüvvələr ilə bağlı hazırlanmış qısa filmi izləyiblər. Tədbirdə həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 105 il əvvəl təsis edilmiş Azərbaycan Milli Ordusunun keçdiyi şərəfli yoldan bəhs edib. Bildirib ki, Milli ordunun yaradılması Azərbaycan Demokratik Cümhuriyyətinin həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri olub. Müstəqilliyin bərpasından sonra, müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Milli Ordunun daha da möhkəmləndiyini qeyd edən səfir N.Ağayev müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrimizin Azərbaycan torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyümüzü bərpa etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Almaniya Federativ Respublikasındakı hərbi attaşesi, polkovnik Əhməd Qafarov Azərbaycan Ordusunun müasir vəziyyəti, beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfə, beynəlxalq və ikitərəfli formatda həyata keçirdiyi əməkdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Çıxışlardan sonra keçirilən konsertdə Almaniyada yaşayan və fəaliyyət göstərən musiqiçilər - vokalist Cavid Səmədov və pianoçu Nərgiz Oruclunun ifasında tanınmış Azərbaycan bəstəkarları - Qara Qarayev, Müslim Maqomayev, Asəf Zeynallı, Vaqif Mustafazadənin, eləcə də Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

 

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/7Ip5DdRU2Ow

Arxiv üzrə axtarış