2023-08-29

Berlində bizonların Azərbaycan təbiətinə qaytarılması işıqlandırılıb

Avqustun 25-də Berlində Avropa bizonlarının Azərbaycan təbiətinə reintroduksiyası layihəsinin geniş işıqlandırıldığı tədbir keçirilib. Dünyaca məhşur Berlin Zooloji Parkında tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, elm xadimləri, ətraf mühit sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Qafqazda Avropa bizonlarının nəsli ötən əsrin 20-ci illərində tükənib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dünya Təbiəti Mühafizə Fondu və Almaniyanın Berlin Zooloji Parkı tərəfindən həyata keçirilən bizonların reintroduksiyası layihəsi çərçivəsində hazırda Şahdağ Milli Parkında bizonların sayı 48-ə, Almaniyadan gətirilmiş bizonların sayı isə 26-ya çatmışdır. Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və bizonların sayının 100 başa çatdırılması nəzərdə tutulur. Azərbaycan Qafqazda bizonların yenidən təbiətə buraxıldığı yeganə ölkədir və Avropada bu sahədə ən uğurlu nəticə göstərən ölkələrdəndir.

Tədbirin əvvəlində Berlin Zooloji və Heyvanat Parkının icraçı direktoru Andreas Kniriem açılış nitqi ilə qonaqları salamlayıb. 

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan-Almaniya münasibətlərinin bu gün yüksək templə inkişaf etdiyini, digər sahələr kimi ətraf mühit sahəsində də önəmli layihələrin gerçəkləşdirildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin bu ilin mart ayında Almaniyaya səfərinin münasibətlərimizdə yeni səhifə açdığını qeyd edib. N.Ağayev, həmçinin bizonların Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı həyata keçirilən layihənin vacibliyindən danışıb. O, qonaqlara ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji davamlılığın təşviqi məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında IDEA İctimai Birliyinin gördüyü işlər barədə məlumat verib. 

Sonra AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Azərbaycan Avropa bizonunu təbiətə necə qaytardı” mövzusunda məruzə ilə çıxış edib.

Həmçinin, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Növlərin Sağalması Komissiyasının nümayəndəsi Qlen Plamb, Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının nümayəndəsi Dani de Man və Dünya Təbiəti Mühafizə Fondunun Almaniya nümayəndəliyinin icraçı direktoru Xristof Haynrix çıxış ediblər. Çıxışlarda bizonların təbiətə geri qaytarılması sahəsində Azərbaycanın göstərdiyi səylər təqdir olunub.

Daha sonra bizonların Azərbaycan təbiətinə reintroduksiyasını göstərən film nümayiş etdirilib.

Tədbirdə, həmçinin IDEA İctimai Birliyinin nümayəndəsi, Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva iştirak edib.

 

 

 

Arxiv üzrə axtarış