2023-09-28

27 sentyabr - Anım Günü Berlində qeyd olunub

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlində tədbir təşkil olunub. Tədbirdə Almaniyanın elm və mədəniyyət dairələrinin nümayəndələri, Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğurunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun 30 il Ermənistan işğalı altında olan əraziləri azad etməsindən bəhs edib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri həm 44 günülük Vətən müharibəsi, həm də 19-20 sentyabr tarixindəki anti-terror tədbirləri zamanı böyük rəşadət və qəhrəmanlıq göstərib. Səfir eyni zamanda Azərbaycan ordusunun hərbi qarşıdurma zamanı yüksək humanistlik nümayiş etdirdiyini, heç zaman mülki şəxsləri və ya onların yaşayış yerlərini hədəf almadığını vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 20 sentyabr 2023-cü il tarixli xalqa müraciətində Qarabağ ermənilərinə vəd olunan təminatlardan danışıb. Onlara Azərbaycanın konstitusiyası və beynəlxalq öhdəlikləri əsasında bütün hüquq və azadlıqların, o cümlədən dini, milli, təhsil, bələdiyyə və s. hüquqların, eləcə də təhlükəsizliyinin təmin ediləcəyini dilə gətirib. N.Ağayev Azərbaycanın tez bir zamanda Ermənistanla sülh sazişi imzalamaq niyyətində və əzmində olduğunu ifadə edib.

Daha sonra çıxış edən AFR Bundestaqının keçmiş üzvü Aksel Fişer Azərbaycan və Ermənistan arasında tezliklə sülhün əldə olunmasının, xalqların barışmasının vacibliyindən danışıb. Bildirib ki, tarixdə bir-biri ilə uzun müddət müharibə aparan xalqlar çox olub, lakin bütün münaqişələrin sonunda sülhün əldə olunması labüddür. O, bu əsnada alman və fransız xalqları arasında münasibətlərin normallaşmasını və əldə olunan sülhü nümunə gətirib.

Çıxışlardan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı musiqiçi - pianoçu Nərmin Nəcəflinin ifasında Anım Gününə həsr olunmuş konsert baş tutub. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda şəhidlərin ruhuna ehsan verilib.

 

Arxiv üzrə axtarış