2023-11-15

Almaniyanın Köln şəhərində “Fikrət Əmirov - ənənə və modernizmin ustadı” adlı konsert təşkil olunub

14-cü əsrin qədim tarixi abidəsi olan məşhur “Sankta Klara Keller“də keçirilən konsert görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr edilib.

Tədbir Köln şəhərinin Mədəniyyət şöbəsinin və Alman–Azərbaycan Forumunun dəstəyi ilə həyata keçirilib.

Konsertdə Alman-Azərbaycan Forumunun Mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Samira Patzer çıxış edərək Fikrət Əmirovun yaradıcılığı, onun bəstəkar kimi Azərbaycan və dünya musiqisinə töhfələri, musiqiyə gətirdiyi yeni harmonik dilin qaynaqları barədə məlumat verib. Samira Patzer Fikrət Əmirovun yaradıcılığının qərb musiqisi ilə əlaqələrini vurğulayıb, eyni zamanda, Əmirov musiqisinin muğam sənəti ilə bağlılığını, bəstəkarın simfonik muğam janrının yaradıcısı kimi xüsusi rolunu qeyd edib.

Tədbirdə iştirak edən alman və Azərbaycan musiqiçiləri - Azərbaycan Respublikasının Əməkdar artisti, Köln Konservatoriyasının professoru Elnara İsmailova (piano), Düsselsorf Simfonik Orkestrinin solisti Andrea Kunlayn (skripka), Frankfurt Konservatoriyasının professoru Havyer Alonso (vokal), Fikrət Əmirovun kamera-instrumental əsərlərini ifa ediblər. Konsertdə Fikrət Əmirovun fortepiano əsərləri, “Sevil” operasından ariyalar, skripka və fortepiano üçün “Ballada”, “Məhəbbət rəqsi”, “Elegiya” və “Muğam-Poema” və digər əsərləri səsləndirilib. Azərbaycan musiqisini dərindən qavramış əcnəbi ifaçılar Elnara İsmayılovanın bədii rəhbərliyi ilə Azərbaycan dilində vokal əsərlər ifa ediblər.

Tədbirdə Kölndə yaşayan rəssam Marqarita Kərimova-Sokolovanın “Musiqinin yaranması” silsiləsindən əsərləri, o cümlədən Fikrət Əmirova həsr etdiyi rəsm əsəri sərgilənib. Azərbaycan haqqında əyani materiallar, Azərbaycan musiqi alətləri nümunələri təqdim edilib.

Qeyd edək ki, konsert qonaqların Azərbaycan mədəniyyətinə böyük marağının yaranmasına səbəb olub, Fikrət Əmirov musiqisi dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Mədəniyyətimizin bu müvəffəqiyyəti alman və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrin davamıdır, Azərbaycan musiqisinin Avropada təbliğatı və iki ölkənin mədəniyyətlərarası dialoqunun inkişafına daha bir töhfədir.

Arxiv üzrə axtarış