2024-05-31

Azərbaycanın Almaniyadakı səfiri Hamburqa işçi səfər edib

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 29-30 may 2024-cü ildə Almaniyanın Hamburq federal torpağına səfər edib. Səfər çərçivəsində ilk görüş Hamburq Şəhər Senatının aparat rəhbəri Yan Pörksen ilə keçirilib. Hamburq Meriyası üzərində Azərbaycan bayrağı dalğalandırılıb. Səfir N.Ağayev həmsöhbətini Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, multikulturalizm ənənələri, xarici siyasəti barədə məlumatlandırıb. Azərbaycan ilə Hamburq arasında əlaqələrin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonra səfir Hamburq Ticarət Palatasının baş icraçı direktoru Malte Heyne ilə görüşüb. N.Ağayev Azərbaycan iqtisadiyyatının prioritetlərini, qeyri-neft sektorunun dayanıqlı artımını, ticarət, investisiya, nəqliyyat-tranzit və s. sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün perspektivləri qeyd edərək, Hamburqda fəaliyyət göstərən şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, sənaye parklarına investisiya yatırmağa dəvət edib.

Görüşdə Azərbaycanın əlverişli nəqliyyat-tranzit potensialı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmi diqqətə çatdırılıb.

Bərpa olunan Enerji üzrə Hamburq Klasterinin içraçı direktoru Yan Rispens ilə görüşdə bərpa olunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin inkişafına və COP29 çərçivəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Həmin klastra üzv şirkətlərin həyata keçirdiyi layihələr barədə məlumat verilib. Almaniya şirkətlərinin ölkəmizdə bərpa olunan enerji potensialının reallaşdırılmasında iştiraka maraq göstərdikləri diqqətə çatdırılıb. “Yaşıl enerji” dəhlizinin yaradılması, “yaşıl enerji”nin ixracı və “yaşıl hidrogen”in istehsalı-nəqli, həmçinin enerji saxlanc sistemləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

Hamburg Port Consulting şirkətinin rəqəmsallaşdırma üzrə icraçı tərəfdaşı Sven Daniels ilə görüşdə müzakirə mövzusu nəqliyyat və rabitə üzrə sərmayələrin qoyulması, rəqəmsallaşdırma yolu ilə nəqliyyat-logistika sistemlərindən səmərəli istifadə, habelə dayanıqlı nəqliyyat sisteminin qurulması sahəsində əməkdaşlıq imkanları olub.

Səfir N.Ağayev, həmçinin Hamburq Ticarət Palatasının Şərqi Avropa üzrə işçi qrupunun iclasında iştirak edib. İclasda N.Ağayev Azərbaycanın Orta Dəhlizdə oynadığı rol, həyata keçirdiyi nəqliyyat layihələri, yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlər və bu sahədə malik olduğu böyük potensial, COP29 konfransına ev sahibliyi ilə bağlı apardığı hazırlıq işləri haqqında geniş məlumat verərək, iştirakçıların suallarını cavablandırıb. Tədbir çərçivəsində səfir həmçinin Hamburqun aparıcı şirkət nümayəndələri ilə danışaraq, onları Azərbaycana səfərə dəvət edib.

Səfər müddətində səfir N.Ağayev Hamburqda yaşayan azərbaycanlılarla görüşüb. Görüşdə səfir Azərbaycan dövlətinin diasporumuzun inkişafına verdiyi önəm barədə danışıb, həmvətənlərimizin təkliflərini dinləyib, qarşılıqlı fikir mübadiləsi aparıb.

N.Ağayev, həmçinin Türkiyənin Hamburq şəhərindəki baş konsulu Emine Derya Kara ilə də görüşərək, icmalarımız arasında əlaqələndirmə işinin daha da gücləndirilməsi məsələlərini müzakirə edib.

Arxiv üzrə axtarış