2021-10-07

Azərbaycan hökumətinin yüksək səviyyəli nümayəndələri Berlində keçirilmiş 2-ci Xəzər Avropa Forumunda iştirak edib

Cari ilin 5-6 oktyabr tarixlərində Berlində hibrid formatda 2-ci Xəzər Avropa Forumu keçirilib. Tədbirdə Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrinin, həmçinin Almaniyanın hökumət nümayəndələri, habelə beynəlxalq təşkilatların və şirkətlərin yüksək səviyyəli rəhbər şəxsləri iştirak edib.

"Enerji və davamlılıq: karbohidrogen resurslarından iqlim cəhətdən neytral iqtisadiyyata gedən yol” adlı sessiyada onlayn formatda iştirak edən energetika nazirinin müavini Elnur Soltanov “Beynəlxalq enerji aləmində Azərbaycan - gələcəyə baxış” mövzusunda çıxış edib.

Tədbirin ikinci günündə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov əsas məruzəçi qismində "Xəzər regionuna müvəffəqiyyətlə investisiya qoymaq" mövzusunda çıxış edib və zonanın üstünlükləri barədə iştirakçıları ətraflı məlumatlandırıb.

İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin də iştirak etdiyi, Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) rolu ilə bağlı keçirilən panel müzakirələrdə regional əməkdaşlığın təşviq edilməsi imkanları müzakirə olunub.

Arxiv üzrə axtarış